Marneuli meriyası 2695 şagirdin məktəbdə nəqliyyatla getməsini təmin edəcək
Marneuli meriyası “ictimai məktəb şagirdlərinin nəqliyyatla təmin edilməsi proqramının” həyata keçirilməsinə başlayıb. Söhbət şagirdin yaşadığı evin məktəbdən ən az 2 km məsafədə yerləşdiyi, yaxud nəqliyyatın hərəkət etmədiyi və ya nəqliyyat qrafikinin dərs vaxtı ilə uyğun olmadığı məktəblərdən gedir.

Meriya şagirdlərin nəqliyyatla təmin edilməsi üçün indiki mərhələdə “Time Servis” MMC ilə müvəqqəti müqavilə bağlayıb. Ödənəcək təxmini məbləğ bir ay üçün 93 391.01 lari müəyyən edilib. Meriyanın sadələşdirilmiş alqı-satqısında qeyd olunduğuna görə, Dövlət Alqı-satqı Agentliyinin elan etdiyi tenderin proseduraları məktəb başlayana qədər bitməyib və bu səbəbdən nəqliyyatla təmin etmək üçün müvəqqəti xidmət göstərməyə ehtiyac yaranıb.

“Tender əlbəttə xeyli müddət əvvəl elan edilmişdi. Faktiki olaraq təhsilin başlaması üçün proseduralar sona çatdırılmışdı. Ancaq bir həftəlik dövr ərzində, tender müqaviləsi bağlanana qədər müvəqqəti xidmət üçün müqavilə bağladıq. Biz bu xidmətlə bağlı sadələşdirilmiş müqaviləni dayandıra bilərik və tenderə keçə bilərik. Bu dövr daha tez ola bilər. Əsas odur ki, Marneuli bələdiyyəsinin həyata keçirdiyi xidmət uşaqların hərəkəti baxımından maneəsizdir. Eləcə də bizim nəzarətimiz altındadır”, – merin müavini Laşa Lobcanidze “Marneuli” radiosuna bildirdi və qeyd etdi ki, şagirdlərin nəqliyyatla müvəqqəti təmin olunmasını həyata keçirən şirkətə vəsait gördüyü işlə paralel ödənəcək. Hər kilometrə 2,33 lari nəzərdə tutulub.

Laşa Lobcanidze bildirdi ki, bələdiyyə bir neçə günə tenderə keçəcək. Qalib şirkət isə bir il ərzində xidmət göstərəcək. Merin müavini bir il ərzində şagirdlərin nəqliyyatla təmin edilməsinin bələdiyyəyə neçəyə başa gələcəyinin bir neçə günə məlum olacağını bildirdi.

Marneuli bələdiyyəsində 19 məktəb və 2695 şagird “İctimai məktəb şagirdlərinin nəqliyyatla təmin edilməsi proqramı”-na qoşulub.

Onlar arasında Tsereteli ictimai məktəbi də var. Həmin məktəbin direktoru Marina Maçaraşvili deyir ki, onların məktəbindən təxminən 150 uşaq bu xidmətdən yararlanır.

Bələdiyyədə qeyd olunan proqramın həyata keçirilməsinə ötən il başlanılıb. Ancaq pandemiyaya görə xidmətlə təminat təxminən iki ay davam edib.

Nəqliyyat xidmətindən istifadə edən məktəblərin siyahısını sizə təqdim edirik:
  • Şulaveri 1 saylı ictimai məktəbi
  • Qasımlı ictimai məktəbi
  • Tamarisi kənd 1 saylı ictimai məktəbi
  • Əzizkənd ictimai məktəbi
  • Araflı kənd ictimai məktəbi
  • Ağməmmədli kənd ictimai məktəbi
  • Təzəkənd 1 saylı ictimai məktəbi
  • Sabirkənd 1 saylı ictimai məktəbi
  • Sadaxlı 2 saylı ictimai məktəbi
  • Sadaxlı 1 saylı ictimai məktəbi
  • Təzəkənd 2 ictimai məktəbi
  • Şulaveri 2 saylı ictimai məktəbi
  • Tsereteli ictimai məktəbi
  • Kirəç Muğanlı ictimai məktəbi
  • Maradisi ictimai məktəbi
  • Qızılhacılı 1 saylı ictimai məktəbi
  • Kəpənəkçi ictimai məktəbi
  • Qullar kənd ictimai məktəbi

"Marneuli" Radiosu

 

Print