Marneulili müəllim "Milli Müəllim Mükafatı"-nın ilk onluğunda yer alıb
Marneuli bələdiyyəsinin Maradisi və Qasımlı kənd ictimai məktəbinin gürcü dili və ədəbiyyatı müəllimi 2021-ci ilin “Milli Müəllim Mükafatı”-nın ilk onluğunda yer alıb. Lamara Bolkvadze 25 ildir ki, müəllim işləyir. O, qeyd edir ki, müsabiqəyə qatılmaq onun təşəbbüsü olmayıb. Layihədə iştirak etməkdən imtina edirmiş, ancaq şagirdləri və həmkarları onu razı sala bilib. İa Putkaradze, Tsitsino Qobadze və Anjela Bolkvadze Lamara müəllimi əmin ediblər ki, o, mütləq uğur qazanacaq. Bu isə gələcəkdə onların məktəbinin inkişafına dəstək olacaq.

“Qəti şəkildə imtina edirdim. Ancaq razı saldılar və məni əmin etdilər ki, əgər iştirak etsəm, özüm, şagirdlərim üçün növbəti layihənin həyata keçirilməsində müsbət təsiri olacaq. Yalnız buna görə razılaşdım. Onluğa düşmək mənim üçün ikiqat məsuliyyət daşımağım deməkdir. Hesab edirəm ki, məni onluğa gətirib çıxaran bu yoldan dönməyə haqqım yoxdur. Yaxşı olan odur ki, onluqda yalnız mən deyiləm, şagirdlərim, dostlarım və həmkəndlilərimlə birlikdəyik. Bütün layihələri birlikdə həyata keçiririk. Həqiqətən düşünməmişdim ki, Gürcüstanda onluqda olacaq müəllimlərdənəm. Bilirdim ki, çox güclü rəqiblərim var. Hesab etmirdim ki, onluğa düşəcəyəm. Ancaq indi çox sevinirəm. “Milli mükafata” qatılmağımı istəyənlər məni əmin edirdi ki, onluğa düşəcəyəm və səhv etmirdilər. Yəqin onlar məni özümdən daha yaxşı tanıyırlar”, – Lamara Bolkvadze bildirdi.

“Milli Müəllim Mükafatı” Təhsil Koalisiyası, Müəllimlərin Peşəkar İnkişafı Milli Mərkəzi, Elm və Təhsil Nazirliyi arasında bağlanmış memorandum əsasında, 2017-ci ilin 13 mayında təsis olunub. Qeyd olunan təşəbbüs Gürcüstanda artıq beşinci dəfədir həyata keçirilir və o, müəllimlərin məşhurlaşdırılmasına istiqamətlənmiş qlobal kampaniya „The Global Teacher Prize“-ın bir hissəsidir.

5 sentyabr tarixində “Milli Müəllim Mükafatı”-nın ən yaxşı beşliyi elan ediləcək. 5 oktyabr tarixində, beynəlxalq müəllimlər günündə isə onlardan biri milli müəllim mükafatının sahibi olacaq. Qalibə mükafat olaraq kampaniyanın baş sponsoru,”Qudavadze-Patarkatsişvili” Fondundan 10 000 lari veriləcək. Onluğun digər üzvlərinə isə Liberty Bank mükafat verəcək.

Print Email
FaceBook Twitter Google