Şagirdlər üçün Təhsil Nazirliyi tərəfindən “bağlanmış qapı”
4 oktyabr tarixində Gürcüstan məktəblərində təhsil məktəbdə başlayacaq. Ancaq bütün ölkədə olduğu kimi, Marneulinin 74 ictimai məktəbində də birinci dərs zəngi “Teams”-da “çalındı”. Bu platforma heç kim üçün yeni deyil. Ancaq əksəriyyət üçün internet və ünsiyyət vasitələri olmadığına görə, bu da əlçatan deyil. Marneulidə belə şagirdlərin sayı 118 nəfərdir. Bu rəsmi göstəricidir. Ancaq qeydə alınmağın, sənin təməl hüququnla nəzərdə tutulmuş xidmətdən yararlanmağın demək deyil. İctimaiyyət, həmçinin, təhsil müəssisəsi əməkdaşları da ağır epidemioloji vəziyyətə görə əyani təhsilin başlamayacağını 31 avqust tarixində öyrəndilər.

Məktəblərin açılmasının mühüm amillərdən biri müəllimlərin peyvənd olunmasıdır. 29 sentyabr tarixinə olan göstəricilərə əsasən, Marneuli məktəblərində işləyənlərin yalnız 42%-ə yaxını, əksəriyyət bir doza ilə peyvənd olunub.

Marneulili valideyn Nona Samxaradze hesab edir ki, dövlət təhsilin sinif otaqlarında başlaması üçün heç nə etmədi. 



“Həqiqətən inanırdım ki, dövlət hər şey edəcək və məktəbləri bağlamayacaq. Əksər ölkələr ilk növbədə məktəblərin açılması, təhlükəsiz olması, uşağa inkişaf imkanın yaradılması üçün hər şey edir. Mən uşağımı evdə saxlayıb, qapada bilmərəm. 4 oktyabr tarixində açılacağına dair hansı zəmanətimiz var? Ölkədə virusun dayandırılması üçün nə isə edilir? Bəli, peyvənd vurulur. Ancaq peyvənd olunmayan çox sayda adam bilirəm. Mənim yaşadığım binada heç kim peyvənd olunmayıb və həmin mühitdə mənim uşağım məktəbə getməli olur. Əminəm, əksəriyyəti peyvənd olunmayıb.”

Nona bu vəziyyətə düşmüş yeganə valideyn deyil. Ana Tsurtsumia da eyni vəziyyətdədir. İkinci sinif şagirdi olan qız anası bu barədə ictimai şəkildə danışmağa başlayıb. O, təşəbbüs qrupu vasitəsilə, pandemiya dövründə yaranmış bütün problemləri qeyd edərək, Təhsil Nazirliyinə müraciət edib. Valideynlər dövlətin təcili surətdə model hazırlamasını tələb edirdilər. Həmin model böhrandan çıxmağı aydınlaşdıracaq, təhsil ictimaiyyətinin məlumatını artıracaq və uşaqlar üçün təhlükəsiz fiziki, psixoloji mühit yaradacaqdı. Eləcə də valideynlərə onların çiyinlərinə düşən yükü, artıq hazırlanmış bağça və təhsil müəssisələri ilə paylaşmaq şəraiti yaradacaqdı.

Məktəblər istəsələr, təhlükəsiz və açıq məkanlarda müntəzəm dərslər təşkil edərdilər və bu sosiallaşma prosesinə dəstək olardı. Təşəbbüs qrupu dövləti, texnologiyaların əlçatan olmadığı 50 400 uşağı təhsildən kənar qoymamağa çağırır. Ana hesab edir ki, Təhsil Nazirliyi sadəcə qapını onların üzünə bağlayıb və onları problemlər qarşısında tək qoyub. Hökumət məktəblərin açıldıqdan sonra hərəkət edəcəyi təhlükəsizlik normalarını yayımlamayıb. Ailələrə dəstək olacaq siyasət, telefon və kompüterlərdən kənar nə baş verdiyi, valideynlərin müəllim rolunu yerinə yetirməli olduğu barədə düşünməyib. 

“Biz 2020-ci ilin fevral, mart ayında deyilik ki, kovid pandemiyasına görə nə baş verdiyini bilməyək. Təhsil müəssisələrindən başqa bütün sahələrdə pandemiya ilə yanaşı yaşamağı öyrənirik. Bu uşaqlara dəymiş və dəyəcək ziyanın hökumət üçün birbaşa ziyan hesab olunmamasının göstəricisidir. Bunların hamısı ailələrə, işləyən validyenlərə, uşaqların psixoemosional vəziyyətinə və ümumiyyətlə, onların uğurlarına böyük təsir göstərir. Ötən il məktəb açılana qədər mənim uşağım dəftərdə yaza bilmirdi. Çünki 30 dəqiqəlik dərs müddəti ərzində dəftərdə yazmağı öyrənməyi çatdırmaq mümkün deyildi. Məktəb diaqnostik test keçirdi və aydın şəkildə gördüm ki, məktəbin açılmasından iki-üç ay ərzində oxu bacarıqları və şifahi hesablama iki dəfə yaxşılaşdı.”


Distant təhsil valideynlərdən və şagirdlərdən başqa müəllimləri də problem qarşısında qoydu. Baxmayaraq ki, onlayn dərslər və sinif otağına çevrilmiş şəxsi məkan onlar üçün yeni deyil, hökumət tərəfindən hazırlaşmaq üçün verilmiş iki həftə pedaqoqlar üçün stressli olub.

Temur Suğaşvili Marneulinin iki məktəbində işləyir. Şagirdlərin və özünün təhlükəsizliyi üçün uzun müddətdir peyvənd olunub. Vətəndaş təhsili müəllimi bildirir ki, onlayn təhsil zamanı şagirdlərin motivasiyasının hiss ediləcək dərəcədə azalması araşdırma ilə təsdiqlənib. Bu səbəbdən dərslərin rəngarəngləşdirilməsi və resursların hazırlanması üçün pedaqoqlara daha çox vaxt lazımdır. Hələ ki, nazirlik və Resurs Mərkəz bu kimi dəstəyi təmin etmir.

“Şəxsən mənim bir neçə yeni sinfim var və faktiki olaraq, şagirdləri tanımıram, onlar da məni tanımır. Mənim təcrübəm belədir ki, birbaşa fənn barədə söhbətə başlamıram. Bir ya iki həftə, ilk növbədə onların öz bacarıq və imkanlarını göstərməsi üçün tanışlıq fəaliyyətləri edirəm. Yalnız bundan sonra təhsil prosesini planlaşdırıram. İndi müxtəlif proqramlar vasitəsilə fəaliyyətlər həyata keçirməli oluram ki, şagirdi tanıyım. Bunların hamısını hazırlamaq üçün isə vaxt lazımdır.”

Daha bir Marneulili pedaqoq resursların hazırlanmasına böyük vaxt sərf edib. 2020-ci ilin Milli Müəllim Mükafatının sahibi Qiorqi Çauçidze bildirdi ki, internetdə gürcü dilində video, yaxud foto materiallar çox azdır, xarici dildə isə çoxdur. Ancaq illüstrasiya edilmiş materiallar onlayn təhsil zamanı həlledici rol oynayır.


15 sentyabr tarixində, Gürcüstanda onlayn təhsil başlayan zaman, koronavirusa yoluxma halları 7,32% idi. Bu gün, 29 sentyabr tarixində isə 5,93%-dir. Bu iki göstərici arasında fərq azdır – 1,39%. Hakimiyyət ilk əvvəl bildirdi ki, məktəblər ölkədə gündəlik yoluxma göstəricisi 4% olduğu halda açılacaqdı. Qərarı güman ki, valideynlər, müəllimlər və uşaqların məsələləri üzərində işləyən təşkilatlar tərəfindən qeyd olunan, uşaqların ehtiyacları deyil, yaxınlaşan seçkilər dəyişdirdi.

17 334 şagirdi olan Marneuli bələdiyyəsi məktəbə qayıdışı necə qarşılayır? Marneuli Təhsil Resurs Mərkəzinin nümayəndəsi İrma Davadzenin sözlərinə görə, məktəblərdəki 3000 heyətdən 1400-ü peyvənd olunub. Elə məktəblər var ki, bir pedaqoq da peyvənd edilməyib. Resurs Mərkəzin məlumatına görə, indiki mərhələdə şagirdlərin əksəriyyəti onlayn təhsilə qoşulub. 118 şagirdə isə internet əlçatan deyil.

“İndi hamımız dövlət, ailə, məktəb, resurs mərkəz də çalışırıq ki, şagirdlərə kömək edək və heç bir şagird təhsildən kənar qalmasın. Bunun üçün məktəb öz ehtiyatını, əgər məktəbdə nəyisə varsa, şagirdlərə verir. Həmin məqamda ola bilsin şagirdin texnikası xarab olmuş olsun. Əgər olmazsa, yaxın məsafədə yaşayan, qonşudakı sinif yoldaşının yanına gedir.

Bizim yoxladığımız məlumatdan aydın olur ki, ehtiyac olan halda, məktəblərin yalnız müəllimlər üçün texniki resursu var, şagirdlərə isə kömək edə bilmirlər.

BMT-nin Uşaq Fondu pandemiya başlayana qədər təsdiq edirdi ki, ilk olaraq məktəblər açılmalıdır və ən sonda bağlanmalıdır. UNİCEF-in Kommunikasiya proqramının rəhbəri, Maia Kurtsikidzenin sözlərinə görə, beynəlxalq araşdırmalara əsasən, virusun yayılma riski məktəblərdə çox aşağıdır və təhsil müəssisələri pedaqoqlar, şagirdlər üçün təhlükəli deyil. Bunun üçün UNİCEF və Ümumdünya Səhiyyə Təşkilatı konkret tövsiyələr yayımlayıb, eləcə də həmin tövsiyələri Təhsil Nazirliyi ilə də bölüşüb.

“Bu tövsiyələr belə idi ki, çox məktəblərdə açıq məkanlar var və təhsil prosesi üçün bundan istifadə edə bilərdilər, növbələrə bölə, eləcə də sanitar vasitələrlə ehtiyatlandıra bilərdilər. Biz bunda Təhsil Nazirliyinə kömək etdik. Bu gün əlimizdə ötən il olmayan silah var – peyvənd. BMT-nin Uşaq Fondu indi müəllimlərin peyvənd prosesinə fəal olaraq qoşulub və Təhsil Nazirliyinə, Xəstəliklərə Nəzarət Milli Mərkəzinə yardım göstərir. Onlarla birlikdə müəllimlərlə məlumatlandırma görüşləri keçiririk və sonra peyvənd vurulur. Çox regionda olduq, həmçinin, Marneulidə. Təəccüblüdür ki, bu gün məktəblər bağlıdır. Çünki digər bütün sektorlar açılıb. Restoranlar, kazinolar, gecə barları işləyir…”

Maia Kurtsikidze hesab edir ki, şagirdləri uzun müddət distant təhsilə qoşmaq mümkün deyil. Bütün bunlara baxmayaraq, Gürcüstanın Təhsil Nazirliyindən təsdiq edirlər ki, əyani təhsil risklərlə əlaqədardır. Ümumtəhsil İdarəsinin rəhbəri Ekaterine Xutsişvilinin sözlərinə görə, nazirlik məktəblərin açılması qərarını müstəqil şəkildə qəbul etmir və 2021-2022-ci tədris ilinin distant başlanılmasını düzgün hesab edir.

“İqtisadi və biznes işlərindən fərqli olaraq, məktəblərdə bizim işimiz və yeniyetmə nəsilin sağlamlığı ilə bağlı məsuliyyətimiz var. Sağlamlıq ilk hüquqdur. Təhsil Nazirliyi həqiqətən bildirir ki, əyani təhsil distant modeldən çox başqa dəyərlərin daşıyıcısıdır və onlayn təhsil heç bir şəkildə onu əvəz edə bilməyəcək. Təhsil Nazirliyinə Qurumlararası Şuradan belə bir tövsiyə verməyiblər. Bilirsiniz ki, sentyabrın əvvəlində epidemioloji vəziyyət necə idi. Təhsil Nazirliyi heç cür buna nəzarət edə bilməzdi. Məhz həmin epidmeioloji vəziyyətə görə, qərar qəbul olundu.”



29 sentyabr tarixinə olan göstəricilər belədir: koronavirusa 1929 yoluxma, 12 469 nəfər peyvənd olunub. Peyvəndin gündəlik göstəricisi, faktiki olaraq, yarıya enib. Bu vəziyyətdə 4 oktyabr tarixində və daha sonra epidemioloji vəziyyətin necə olacağını təxmin etmək çətindir. Ola bilsin, keçiriləcək seçkilərdən sonra uşaqlar yenə, dövlətin marağını ən sonda nəzərə alacağı, “alçaq hasar”-a çevrilsinlər. Səhiyyə nazirinin müavini Tamar Qabunia 20 sentyabr tarixində bildirdi ki, məktəblərin təhlükəsiz şəkildə açılması ilə əlaqədar Xəstəliklərə Nəzarət Milli Mərkəzi və Təhsil Nazirliyi əlavə təkliflər hazırlayır. Məktəblərin açılmasına 4 gün qalmış söhbətin konkret olaraq nədən getdiyi məlum deyil.

Hakimiyyət müəllimləri də, şagirdləri də yəqin ki, yenə onlayn təhsillə bağlı olduğu kimi, faktlar qarşısında qoyacaq. Belə çıxır ki, məsələ uşağa aid olanda da əsas oyunçu siyasətdir. Çünki nazirlik tərəfindən nə onlayn təhsil, nə də məktəbin açılması qərarının əsaslı səbəbi yoxdur və bunun arxasında hansısa hazırlıq da durmur. Təhsil Nazirliyinin qapısı “xidmət göstərdikləri” üçün də bağlıdır.

Print Email
FaceBook Twitter Google