Marneulidə bu il məktəbi 1 265 şagird bitirəcək
Marneuli ictimai məktəblərində yay tətili 15 iyundan başlayacaq. 12-ci siniflər üçün məktəb nisbətən tez, 20 may tarixində başa çatır. Birinci siniflər isə 27 may tarixində tətilə çıxacaqlar. Yerli Təhsil Resurs Mərkəzinin nümayəndəsi İrma Davadzenin sözlərinə görə, 2021-2022-ci tədris ilində Marneuli təhsil müəssisələrində 1 265 nəfər 12-ci sinif şagirdi üçün son zəng çalınacaq.

Qeyd edək ki, şagirdlər tədris ilinin sonuna yaxın ekskursiyalara gedirlər. Koronavirusa görə, təxminən iki il belə turlar qadağan idi. Təhsil Nazirliyinin məlumatına görə, məktəblər yalnız bir günlük ekskursiya təşkil edə bilərlər. Şagirdlərin gecəni qalmaqla şəhəri tərk etməsi isə qadağandır. Elm və Təhsil Nazirliyindən “İnterpressnews”-a verilən məlumata görə, ekskursiya yeri elə seçilməlidir ki, məsafə məktəbdən həmin yerə qədər 150 km-dən artıq olmasın.

Bundan əlavə, ümumtəhsil müəssisələri üçün nazirlik tərəfindən müəyyən edilmiş tövsiyələrə görə, ekskursiya zamanı yetkinlik yaşına çatmamışların çay, su anbarı, təhlükəli ərazilərə aparılmaması mühümdür.

Ekskursiyada iştirak edən yetkinlik yaşına çatmış şəxslər arasında ilkin tibbi yardım göstərmək bacarığı olan bir nəfər olmalıdır.

Print Email
FaceBook Twitter Google