Tsopidə yeni tədris ili yeni tikilmiş məktəbdə başlayıb
Bu gün, 15 sentyabr tarixində Marneuli bələdiyyəsinin Tsopi kənd ictimai məktəbi 2022-2023-cü tədris ilinə yeni binada başlayıb. Kənddə yeni məktəbi Gürcüstan Bələdiyyələrin İnkişaf Fondu Təhsil İnfrastruktur Proqramı çərçivəsində tikib.

Marneuli meri Kənan Ömərov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, bu gün Tsopi ictimai məktəbi təntənəli şəkildə açılıb.

“Bildiyiniz kimi, bu gün çox mühüm gündür. Marneuli bələdiyyəsində 8 yeni inşa edilmiş və 3 tam bərpa edilmiş məktəbdə təhsil prosesi bərpa olundu. Biz bu gün Tsopi ictimai məktəbinin açılışını etdik. Hamını, xüsusi ilə də birinci sinif şagirdlərini, onların valideynlərini yeni tədris ilinin başlaması münasibəti ilə təbrik edirəm. Hamıya uğurlu il arzulayıram”,
– Kənan Ömərov bildirdi.

Marneuli merinin açıqlamasına görə, bələdiyyə miqyasında ümumilikdə 74 ictimai məktəb fəaliyyət göstərir və onların hamısında təhsil prosesi maneəsiz bərpa olunub.

Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze də Tsopi ictimai məktəbinin açılışında iştirak edirdi.

“Bu gün çox mühüm güdür. Mən yeni tədris ilinin başlaması ilə əlaqədar olaraq hamını təbrik edirəm. Biz Qızılhacılı və Tsopi kəndində olduq, yeni tikilmiş, bərpa edilmiş məktəbləri nəzərdən keçirdik. Qızılhacılı ictimai məktəbi bu gün rəsmi olaraq açıldı. Məktəb 450 uşaq üçün nəzərdə tutulub və 3 milyon lariyə qədər pul xərclənib. Bizim ölkədə Avropa standartlarına uyğun olan məktəb göstərir ki, bu çox irəli atılmış addımdır, bizim şagirdlərə yüksək, keyfiyyətli və tam təhsil almaq şəraiti yaradır”.

Bələdiyyələrin İnkişafı Fondunun Təhsil İnfrastrukturu proqramının meneceri Tamar Kardava bildirdi ki, bu gün fond tərəfindən Gürcüstan miqyasında 22 ictimai məktəb açılıb.

“Bütün şagirdləri təhsil ilinin başlaması münasibəti ilə təbrik edirəm və uğurlar arzulayıram. Kvemo Kartli regionunda ümumilikdə biz 22 məktəbin tikinti-bərpasını həyata keçiririk. Ümumilikdə 91 milyon larini əhatə edir. Aydındır ki, problemlər də var, ancaq bu problemlər üzərində işləyirik və fəal şəkildə qoşulmuşuq. Bütün problemləri bilirik, həlli üçün də çalışırıq”, – Tamar Kardava bildirdi.

Tsopi ictimai məktəbində 80 şagird təhsil alır. Yeni bina isə 150 uşaq üçün nəzərdə tutulub.

Print Email
FaceBook Twitter Google