Ağkörpü məktəbində tədris ili ambulatoriya binasında başladı
Marneuli bələdiyyəsinin Ağkörpü ictimai məktəbində 2022-2023-cü tədris ilində ilk zəng ambulatoriyada çalınıb.

Təhsil müəssisəsinin qəzalı vəziyyətdə olmasına görə təhsil prosesi kənddə yerləşən tibb məntəqəsində davam etdiriləcək. Məktəbin 100-dən artıq yaşı var. Pedaoqoqlar deyirlər ki, binanın vəziyyəti Dmanisidə baş vermiş zəlzələdən sonra pisləşib. Güman edirlər ki, yeni məktəb tikiləcək, köhnədən fərqli olaraq bufet, idman zalı, laboratoriya və qaydasında olan siniflər olacaq.

“Bu bina çox köhnədir, məktəb üçün də ayrılmamışdı. Əvvəl kolxoz təsərrüfatının binası idi, məktəbə müvəqqəti istifadəyə verilmişdi. Müvəqqəti olaraq xəstəxana binasındayıq. Amma bilirik ki, yeni məktəb tikəcəklər. Bufet yoxdur, 8 dərsi olan şagirdlərə mütləq lazımdır. İdman zalımız da yoxdur. Dağlıq regiondur, tez-tez qar, yağış yağır, külək əsir. Belə hallarda müəllim bayırda necə dərs keçsin? Sinifdə keçirməyə məcburdur, bu da uşaqlarda narazılıq yaradır. Başqa məktəblər kimi onların da məktəbinin təchiz edilməsini istəyirlər. Əsasən, bu məktəb zəlzələdə uçub. Bizim məlumatımıza görə, sökülməlidir”, – Ağkörpü məktəbinin müəllimi Nino Kevlişvili bildirdi.

Ağkörpü ictimai məktəbi iki növbədə 100-ə yaxın şagirdlə təhsil alacaq.

Hələ ki, məktəbdə hansı işlərin həyata keçiriləcəyi məlum deyil. Marneuli meriyasından qeyd edirlər ki, bina araşdırılır və bitdikdən sonra da konkret addımlar məlum olacaq.

"Marneuli" Radiosu
Print