Marneuli bağçalarında qida menyusunun dəyişdirilməsi planlaşdırılır
Marneuli bələdiyyəsinin Uşaq Bağçaları Birliyi uşaq bağçalarında qida menyusunu dəyişdirməyi planlaşdırır. Birliyin rəhbəri Zaur Kərəmovun bildirdiyinə görə, dəyişiklik güman ki, noyabr ayından başlayacaq. Qida menyusunun tərtib edilməsində dəvət edilmiş nutrisioloq (qida mütəxəssisi) iştirak edəcək.

“Nutrisioloqla məsələyə baxış keçirməliyik və düşünürəm ki, yeni menyu noyabr ayından sonra olacaq. Əvvəl çox yaxşı menyumuz var idi, amma bir neçə bağçanın rəhbəri bildirdi ki, çox qida nəzərdə tutulub, uşaqlar həzm edə bilmir, sonra azaltdıq. İndi deyirlər ki, menyumuz zəifdir. Ona görə düşünürük ki, bu məsələnin həllində nutrisioloqun müdaxiləsi mühümdür. Sizinlə müsahibə yazana qədər qida üzrə koordinator ilə söhbətim oldu. Biz 1600 uşağa görə tender elan etmişdik. İndi praktiki olaraq 1100 uşaq bağçaya gəlir, qənaət edilib və noyabr dekabr aylarında ərzaq artırmaq üçün şəraitimiz olacaq. İndi maliyyə baxımından edə bilmərik”.

Marneuli bələdiyyəsinin Uşaq Bağçaları Birliyi 2022-2023-cü il üçün qida məhsulları almağa 347 108 lari dəyərində tender elan edib. Tender mal əti, toyuq filesi, çörək, peçenye, şəkər, kakao, makaron, çay, duz, buğda, qarğıdalı unu, yulaf, manna yarması, göyərti, yumurta, meyvə şirələri almaq üçün elan olunub.

Məhsullar bağçalara mərhələli şəkildə, ehtiyaca uyğun olaraq, dekabr ayına qədər veriləcək. Yeni ildən isə tenderlər yenidən elan olunacaq.

Qeyd olunan məhsullar Marneulinin 14 bağçası üçün nəzərdə tutulub. Ancaq bir bağça oktyabrda açılacaq, digər bağçanın nə vaxt açılacağı hələ ki, məlum deyil.

Print Email
FaceBook Twitter Google