Azərbaycanın Elm və Təhsil Nazirliyi Gürcüstanın azərbaycandilli orta məktəblərinə dərsliklər göndərib
Azərbaycanın Elm və Təhsil Nazirliyi 2022-2023-cü tədris ili üçün Gürcüstanın azərbaycandilli orta məktəblərinə 18 adda 21 703 nüsxə dərslik göndərib.

Bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib. Qeyd olunub ki, vəsaitlərə I-XI siniflər üçün "Azərbaycan dili" və "Ədəbiyyat" dərslikləri daxildir. Dərs vəsaitləri Azərbaycanın Elm və Təhsil Nazirliyi və Gürcüstandakı səfirliyinin məsul əməkdaşlarının iştirakı ilə bu ölkənin Elm və Təhsil Nazirliyinə təhvil verilib.

Dərsliklərin azərbaycandilli məktəblərə paylanılması prosesinə yaxın günlərdə start veriləcək. Proses Gürcüstan Elm və Təhsil Nazirliyinin xətti ilə regional təhsil resurs mərkəzləri vasitəsilə həyata keçiriləcək.

Gürcüstanda yaşayan azərbaycanlıların Azərbaycan dilində dərsliklərlə təmin olunmasının əsası 1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə qoyulub. Bu günədək Gürcüstana çatdırılan dərslik və metodik vəsaitlərin sayının 650 minə yaxın olduğu bildirilir.

Vəsaitlərin təhvil-təslim prosesində Gürcüstanın Elm və Təhsil Nazirliyinin Strateji planlaşdırma və beynəlxalq əlaqələr Departamentinin rəhbəri Kaxa Xondolişvili iştirak edib. Kitablar Azərbaycan Təhsil Nazirliyinin əməkdaşı Məzahir Əliyev iştirak ilə təhvil verilib.

Print Email
FaceBook Twitter Google