Saimerlo uşaq bağçasının rəhbəri vəzifəsinə vakansiya elan olunub
Marneuli bələdiyyəsinin Saimerlo uşaq bağçasının yeni rəhbərinin bir ay müddətində təyin olunacağı güman olunur. Marneuli Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov bildirdi ki, məktəbəqədər təhsil müəssisəsi rəhbərinin seçilməsi müəyyən proseduralarla, həmçinin, namizədlərin axtarılması, seçilməsi ilə əlaqədardır.

"Hələ ki, səlahiyyətləri tibb bacısı icra edir. Belə tez təyin olunmur. Namizədləri seçməliyik, söhbət aparmalıyıq. Deyə bilmərəm, nə qədər vaxta seçəcəyik. Ancaq ola bilsin, bir ay da lazım gəlsin", – Zaur Kərəmov bildirdi.

Saimerlo uşaq bağçasına 26 il ərzində Aza Xarşiladze rəhbərlik edirdi.

10 oktyabr tarixində "Marneuli" radiosuna məlum oldu ki, Saimerlo uşaq bağçasının rəhbəri Aza Xarşiladze vəzifəsindən azad edilib. Zaur Kərəmovun sözlərinə görə, vəzifədən azad edilməsinə səbəb bağçanın idarə edilməsi prosesində yolverilən səhvlərdir. Sonuncu səbəb isə bir neçə gün əvvəl içməli suyun olmamasına görə bağçanın bir günlük bağlanması ilə əlaqədardır.

Aza Xarşiladze "Marneuli" radiosu ilə söhbəti zamanı bildirdi ki, Uşaq Bağçaları Birliyinin onun işdən azad edilməsi ilə bağlı arqumentləri ədalətsizdir. O, qeyd edir ki, bağçada içməli su probleminin yaranması onun günahı deyil. Uşaq bağçalarına edilən xəbərdarlıqdan sonra birlik özü vaxtında reaksiya göstərməli idi.

Print Email
FaceBook Twitter Google