Marneulili idmançı Tbilisidə keçirilən turnirdə bürünc medal qazanıb (VİDEO)
4-6 dekabr tarixlərində Tbilisidə yerləşən “Milli Olimpiya Ehtiyatlarının Hazırlıq Mərkəzi”ndə gənclər arasında dünya çempionu Mixeil Saladze adına Yunan-Roma güləşi turniri keçirilib. Turnirdə Marneulidə fəaliyyət göstərən “Olimp İdman Məktəbi”nin yetirmələri də iştirak ediblər. Bu barədə “Marneuli” radiosu ilə söhbəti zamanı məktəbin Yunan-Roma güləşi üzrə məşqçisi Elçin Mustafayev məlumat verdi. Onun sözlərinə görə, yarışa onların məktəbindən üç idmançı qatılmışdı. O, çox sevinir ki, Marneulidə hər il idmana maraq artır.

“Nəzərinizə çatdırım ki, Yunan-Roma güləşi olimpiya idman növüdür. Bu idman növünün Marneulidə inkişafı üçün əlimizdən gələni edirik. Məqsədimiz yeniyetmələri və gəncləri bu idman növünə yönəltməkdir. Həm özlərini, həm də bu idman növünü inkişaf etdirə bilərlər. Məqsədimiz gənclərimizi pis vərdişlərdən uzaqlaşdırmaq, onların sağlam düşünüb, sağlam böyüməsinə şərait yaratmaqdır. Bizim hədəflərimiz böyükdür. Tələbələrimiz məşqlərini böyük həvəslə davam etdirirlər. Davamlı olaraq məşq edirlər. Yarışlarda fərqlənməyi bacarırlar. Bu amillər bizi çox sevindirir. Qarşıda yarışlarımız çoxdur. Dekabr ayının 17-18-də Kutaisi şəhərində yarışımız var. Hər yarış bir təcrübədir. İndi səhvlərimizin üzərində işləyirik. Rustavi klubu ilə danışıqlar aparmışıq. Komandaları birləşdirib, hazırlıqlarımızı davam etdirəcəyik. Hazırlıqları daha da artıracağıq. Nəzərinizə çatdırım ki, bir tələbəmiz Rəşad Orucov hal-hazırda Almaniya klubunda kubok yarışlarında güləşir. Bu ayın sonlarında qayıdacaq və böyüklər arasında Gürcüstan birinciliyində iştirak edəcək. Həmçinin Rəşad milli komandanın üzvüdür. Bir idmançımız Ravil Məmmədov isə Azərbaycanın Bakı şəhərində təlim məşq toplantısındadır. Orada hazırlıq keçir. O, ölkəyə qayıdaraq 2 ay sonra keçirilməsi planlaşdırılan gənclər arasında Gürcüstan çempionatında iştirak edəcək. Məqsədli şəkildə hər birimiz müəllim və şagirdlərimiz işləyirik. İnşallah məqsədimizə çataçağıq. Bizə dəstək olan hər kəsə təşəkkür edirik”, – Elçin Mustafayev dedi.

Yarışda iştirak edən Hüseyn Mansurov, Nizami Qasımov və Nasir Bayramov uğurla çıxış ediblər. Onların arasında Nasir Bayramov medal qazana bilib. Bayramovun sözlərinə görə, həmin yarış onun üçün çox önəmli olub.

“Bu yarış mənim üçün çox önəmli idi. Daima məşq edirik. Ancaq nəyə qadir olduğumuzu yarışlarda göstəririk. Mən 51 kq çəkidə güləşirəm. Amma bu yarışda müəllimlərim məni 55 kq çəki dərəcəsində yoxladı. Həmin yarışda 3 görüş keçirdim. İlk görüşdə məğlub oldum. Növbəti iki görüşü qələbə ilə başa vura bildim və bürünc medal qazandım. Hədəfim mart ayında keçiriləcək Gürcüstan birinciliyində iştirak etməkdir. İnanıram ki, həmin yarışda 51 kq çəkidə çıxış edib, qələbə qazanacağam. Avropa və dünya çempionatında ölkəmizi mən təmsil edəcəyəm. Mənim məqsədim ölkəmizə, Marneulimizə Avropa və dünya çempionatlarından medal gətirməkdir”, – Nasir Bayramov dedi.

Çempionat 2006-2007-ci il təvəllüdlü idmançılar arasında keçirilib. İdmançıların məşqçisi Elşən Qocayev bildirdi ki, onlar üçün yarış yüksək səviyyədə keçib.

“Yarış yüksək səviyyədə keçdi. Demək olar ki, Gürcüstanın bütün şəhər və rayonlarından güləşçilər iştirak edirdilər. Aralarında hər çəkidə 2-3 idmançı Avropa və dünya medalçıları da var idi. Biz “Olimp İdman Məktəbi” olaraq 3 idmançı ilə qatıldıq. Hər üç idmançımız yaxşı güləş göstərdilər. Bildiyiniz kimi Yunan-Roma güləşi olimpiya idman növüdür. Bu idman növündə rəqabət çox olur. Belə yarışlarda nəticə göstərmək çox çətindir. Şükür olsun ki, şəxsi məşqçisi olduğum Nasir Bayramov ümidlərimizi doğrultdu. Bürünc medal qazandı. Növbəti hədəfimiz mart ayında keçirilməsi planlaşdırılan Gürcüstan birinciliyidir. Kiçik səhvlərimiz var. İndi onların üzərində işləyəcəyik. Hər yarış bir təcrübədir. İnanıram ki, bu il bizim üçün uğurlu olacaq. Biz Gürcüstan çempionu olub, Avropa və dünya çempionatlarında çıxış edə biləcəyik. Bizə dəstək olan hər kəsə təşəkkür edirəm”, – Elşən Qocayev bildirdi

Tbilisidə yerləşən “Milli Olimpiya Ehtiyatlarının Hazırlıq Mərkəzi”ndə təşkil olunan turnir Milli Güləş Federasiyasının bayrağı altında keçirilib. Yarışda Marneuli ilə yanaşı Rustavi, Tbilisi, Kutaisi, Qardabani, Ozurgeti, Tsalka, Acarıstan, Xobi, Çiatura və digər bölgələrdən idmançılar iştirak edirdilər. Turnirin məqsədi Yunan-Roma güləşinin populyarlaşdırılması və idmanın inkişafıdır.


Print Email
FaceBook Twitter Google