Marneulili oğlanlar Xəqan, Nurlan və Eltac “Marneuli İctimai
Kollecində” tibb qardaşı təhsili alırlar.
Onların hər üçünə tibb qardaşı sahəsində təhsil almaq mühümdür.
Çünki tibb müəssisələrində daha çox peşəkar heyətin olmasına
ehtiyac olduğunu hesab edirlər.
Nurlanın 19 yaşı var. O, birinci kursda təhsil alır və gələcəyini
tibb sahəsi ilə bağlamaq istəyir.
“Uşaqlıq arzusu idi, həkim olmaq istəyirdim. Tibb
qardaşı sahəsində təhsil almaqla başladım və gələcəkdə daha da
inkişaf edəcəyəm. Məhz buna görə kollecə qəbul oldum və ailəm də
məni dəstəklədi. Baxmayaraq ki, hələ işləmirəm, hesab edirəm,
kifayət qədər ağır və zəhmət tələb edən peşədir. İşləyəndə həmişə
xəstə ilə ehtiyatlı və diqqətli olmalısan”, – Nurlan
Hüseynov bildirdi.
Nurlan Təkəli kəndindəndir. Kollecə dərs prosesinə məhz kənddən
gəlir. O, deyir ki, Marneulidən onun kəndinə qədər ictimai
nəqliyyatın hərəkət etməsi problemdir. Amma çətinliklərə baxmayaraq
yenə də kollecə gedir. Çünki işinin peşəkarı olmaq istəyir.
Nurlan bizimlə söhbəti zamanı tibb qardaşı peşəsi ilə bağlı
stereotiplərdən də söhbət açdı. O, qeyd edir ki, əksər hallarda
insanlar bu peşənin məhz qadınlar üçün olduğunu düşünürlər. Ancaq
o, bu fikirlə razı deyil.
“Tibb bacısı və tibb qardaşları var. Bu peşənin yalnız
qadın peşəsi olduğunu düşünmürəm. Kişilər də bu istiqamətdə işləyə
bilərlər. Gələcəkdə məhz bu sahəni davam etdirməyi düşünürəm.
Mənimlə birlikdə başqa oğlanlar da bu sahədə təhsil
alırlar”.
Marneuli İctimai Kollecində 4 əsas istiqamətdə təhsil almaq
mümkündür:
- Tibb bacısı/qardaşı
- Maliyyə xidmətləri
- İnformasiya texnologiyaları
- Dayə
Kollecin peşə istiqaməti və karyeranın planlaşdırılmasının təmin
edilməsi üzrə menecer Ləman Bayramova “Marneuli” radiosu ilə
söhbəti zamanı bildirdi ki, müasir cəmiyyətdə peşə təhsilinə daha
çox diqqət yetirilir və populyarlaşır.
“Peşə təhsili istiqamətində kifayət qədər tələbat var.
Bizim kollecdə 4 istiqamətdə təhsil almaq mümkündür, onların hər
biri aktualdır. Ən böyük tələb yenə də informasiya texnologiyaları,
dayəlik və tibb bacısı/qardaşı sahəsinədir. Bu il yerlərin sayını
artırmalı olduq. Çünki çox böyük tələb var idi və uşaqların
təhsildən kənar qalmasını istəmirdik. Peşə təhsili ona görə
yaxşıdır ki, təhsili tez bitirirlər və tez zamanda da işlə təmin
olunurlar”.
Ləmanın sözlərinə görə, əksər hallarda gənclər kollecə pulsuz,
keyfiyyətli təhsil almaq imkanı olduğuna görə üstünlük verirlər. O,
gələcəkdə universitetə qəbul olmaq istəyən tələbələrin olduğunu da
deyir. Amma ona qədər işə başlamaq, sonradan universitetə təhsil
haqqını özləri ödəsinlər deyə peşə təhsilini mənimsəyirlər.
Marneuli İctimai Kollecinin peşə istiqaməti və karyeranın
planlaşdırılmasının təmin edilməsi üzrə menecerin sözlərinə görə,
peşə təhsili olan şəxslər üçün əmək bazarı da kifayət qədər
genişdir. O, bildirir ki, onların məzunları və indiyə qədər
kollecdə təhsil alan uşaqlar xəstəxanalarda, bağçalarda, banklarda,
müxtəlif qurumlarda işlə təmin olunublar.