Azərbaycanın Gürcüstandakı səfirliyi rəsm müsabiqəsi elan edib
Azərbaycanın Gürcüstandakı səfirliyi Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar rəsm müsabiqəsi elan edib.

Bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən "Marneuli" radiosuna məlumat verilib.

Məlumatda bildirilir ki, Gürcüstanın 18 yaşadək və 18 yaşından yuxarı vətəndaşları arasında qeyd olunan mövzu üzrə ən yaradıcı əsərə malik olan şəxslər səfirlik tərəfindən hər iki yaş qrupu üzrə (ilk üç yeri tutanlar ) təltif olunacaqlar.

Müsabiqənin nəticələrinə əsasən, qaliblər cari ilin fevral ayının 24-də Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində təltif ediləcəklər.

"Hörmətli Gürcüstan vətəndaşları,

Məlum olduğu kimi, Azərbaycan xalqının tarixinə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı Soyqırımı kimi daxil olmuşdur. Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarına zidd olaraq, keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə yatan şəhərə hücum edərək azərbaycanlılara qarşı soyqırım aktını törətmişlər.

Bu hərbi təcavüz zamanı Xocalı ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində darmadağın edilmiş, dinc sakinlərə amansızcasına divan tutulmuşdur. Bir neçə saat ərzində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilmiş, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilmişdir. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailə tamamilə məhf edilmiş, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilmiş, 487 dinc Xocalı sakini ağır yaralanmış və 1275 nəfər girov götürülmüşdür. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil.

Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi Xocalı Soyqırımının 31-ci ildönümü ilə bağlı rəsm müsabiqəsi elan edir. Gürcüstanın 18 yaşadək və 18 yaşından yuxarı vətəndaşları arasında qeyd olunan mövzü üzrə ən yaradıcı əsərə malik olan şəxsləri Səfirlik tərəfindən hər iki yaş qrupu üzrə (ilk üç yeri tutanlar ) təltif olunacaqlar.

Müsabiqənin nəticələrinə əsasən, qaliblər cari ilin fevral ayının 24-də Tbilisi şəhərində yerləşən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində Səfir Faiq Quliyev tərəfindən təltif olunacaqlar".


Müsabiqədə iştirak edəcək şəxslərdən mövzu üzrə rəsm əsərlərini 20 fevral 2023-cü il tarixinədək Azərbaycanın Gürcüstandakı səfirliyinə (ünvan: Tbilisi şəhəri, Vaxtanq Qorqasali küçəsi 4) təqdim etməlidirlər. Müsabiqə ilə bağlı ətraflı məlumat almaq istəyən şəxslərdən Səfirliyin aşağıda qeyd olunan telefon nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur: +995-577-60-60-06.

Print Email
FaceBook Twitter Google