Tsereteli bağçası binanın qəzalı vəziyyətdə olmasına görə bağlanıb
Marneuli bələdiyyəsinin Tsereteli kənd uşaq bağçasında təhsil prosesi dayandırılıb.

Bağça 17 fevral tarixində, 80 nəfər uşağı təcili surətdə geri qaytarmalı olub. Bağçanın rəhbəri Diana Çoxonelidze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, binanın qəzalı vəziyyətdə olmasına görə, təhsil prosesini davam etdirmək mümkün deyildi.

“Bizdə dörd korpus var, qəzalı vəziyyətdə idi. Meriyaya müraciət etdim, gəlib baxıb, qərar verdilər ki, bir neçə korpusda təhsil dayandırılmalıdır. Bir il ərzində 5 qrup bir korpusda idik. Bu günə qədər belə davam etdik, amma son zamanlar heç bu bina da xoşuma gəlmirdi və məktub yazdım. Gələn kimi məndən izahatnamə göndərməyimi istədilər və buna görə proses dayandırıldı”, – Diana Çoxonelidze bildirdi.

17 fevral tarixində bağçadan kənar qalan 80 uşaq Marneulinin müxtəlif bağçalarına bölünəcək. Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmovun sözlərinə görə, hələ ki, 25 valideynin tələbi təmin edilib.

“İndi bölünmə prosesi aparılır. Təxminən 25 uşaq artıq bölünüb. Saimerlo, 4 saylı bağça və Marneuli şəhər 1 saylı bağçasına göndərəcəyik. İstəyi olan hər kəs bağçaya göndəriləcək”.

Uşaqların nə qədər müddət başqa bağçaya getməli olacağı hələ ki, məlum deyil. Ancaq Kərəmov bildirdi ki, Tsereteli bağçası mərkəzi hakimiyyətin yaxın gələcəkdə təmir etməyi planlaşdırıldığı bağçalar arasındadır.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər