Marneulidə özəl məktəb bağlanıb
Marneulidə fəaliyyət göstərən Davit Ağmaşenebeli adına məktəb-litseydə 8 martdan təhsil prosesi dayandırılacaq. Marneuli Təhsil Resurs Mərkəzinin rəhbəri Əli Qəhrəmanov "Marneuli" radiosu ilə söhbəti zamanı bildirdi ki, məktəb avtorizasiyadan keçə bilməyib. Buna görə təhsil müəssisəsində proses yalnız yaz tətili başlayana qədər davam etdiriləcək. Sonra isə məktəb bağlanacaq .

"İndi məktəb şagirdlərinin bölünməsi üzərində işləyirik. Ümumilikdə 56 şagird var ki, onlar da müxtəlif ictimai məktəblərə bölünəcəklər. Məndə olan məlumata görə, məktəb avtorizasiyadan keçə bilməyib və buna görə bağlanıb", – Əli Qəhrəmanov bildirdi.

Davit Ağmaşenebeli adına məktəb-litseyin direktoru Əhməd Tuğrul "Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, Monitorinq Xidməti gözlənilmədən, şikayət əsasında məktəbə daxil olub. Onun sözlərinə görə, Monitorinq Xidmətinin hesabatında iki çatışmazlıq qeyd olunub. Məktəb bununla bağlı xidmətə müvafiq cavab da göndərib. Ancaq məktəbin avtorizasiyasını yenə də dayandırıblar.

"Monitorinq Xidməti iki çatışmazlıq müəyyən edib. Həmin çatışmazlıqlara cavab olaraq bildirdik ki, həmin çatışmazlıqlar qəbul edilib və düzəldilib. Dünən iclas idi, iclasda qərar qəbul etdilər, məktəbi bağladılar, avtorizasiya dayandırıldı. Hesabatda qeyd edilmiş iki çatışmazlıqdan biri qapalı idman zalının kiçik olması ilə bağlıdır. Deyirlər ki, 75 kvadrat metr zal kiçikdir. İkinci çatışmazlıq odur ki, 7 şagirdin qiymətləndirməsi köçürülüb. Yəni 7 şagirdin işinə baxdıq, hamısı eyni cür qiymətləndirilib, düzgün qiymətləndirilməyib", – Əhməd Tuğrul bildirdi.

Davit Ağmaşenebeli adına məktəb-litseyin avtorizsiyası dünən, 27 fevral tarixində dayandırılıb. Məktəb direktorunun “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdiyinə görə, Monitorinq Xidmətinin qərarını şikayət etməyi planlaşdırırlar və bu gün, 28 fevral tarixində məhkəməyə ərizə verəcəklər.

Print