Polşa muzeyində Borçalı xalçalarının təqdimatı
Həmrəylik Muzeyinin rəhbəri Elnur Əlisoy Polşanın muzeylərindən birində Borçalı xalçaları haqqında təqdimat edib. Onun qeyd etdiyinə görə, öz layihəsi çərçivəsində Varşavanın Asiya və Sakit Okean Muzeylərində məruzə etmək imkanı olub. Layihəni Avropa İttifaqı maliyyələşdirir.

Elnur muzeydə sərgiləmək üçün Gürcüstandan iki Borçalı xalçası aparıb. Əlisoy iştirakçılara ornamentlər, rənglər və kompozisiya haqqında danışıb. Bu isə iştirakçıların böyük marağına səbəb olub.

“Həmrəylik Muzeyinin adı ilə mən, rəhbər olaraq Avropa İttifaqı layihəsinə təklif göndərdim. Bu mədəniyyət sahəsində işləyən adamların səfərbərliyidir. Həmrəylik Muzeyinin adı ilə layihə təqdim etdim ki, Polşada Asiya və Sakit Okean muzeyləri var, burada tekstillərin təqdimatı ilə əlaqədar təcrübə toplaya bilərəm. Mən orada olduğum zaman Borçalı xalçalarının təqdimatını təklif etdim. Mütəxəssislər və digər dəvət edilmiş qonaqlar var idi. Çox maraqlı oldu. Gürcüstan azərbaycanlı icmasının kimliyi və özünüdərki məsələsi haqqında danışdım. Eləcə də Borçalı xalçalarının dizaynı və hər bir xalçanın piktorqramasının kombinasiyasının nəyi nəzərdə tutmasından söhbət açdım. Mən oraya iki xalça aparmışdım. Biri mənim özümün qismən toxuduğum “Həyat ağacı” idi. Digəri isə Qaraçöpün müasir dizaynda olan ibadət xalçası idi. Gürcüstan Mədəniyyət Nazirliyinə, Abidələrin Müdafiəsi üzrə Milli Agentliyin əməkdaşlarına minnətdarlığımı bildirirəm ki, tez zamanda xalçaları buraya gətirməyə icazə verdilər”, – Elnur Əlisoy bildirdi.

Elnur Əlisoyun sözlərinə görə, təqdimat başa çatdıqdan sonra iştirakçılar Borçalı xalçalarının Polşa muzeylərində də sərginlənməsi istəklərini bildiriblər. Əlisoy Polşanın bir neçə universitetində də görüşlər keçirib, görüşlərdə Novruz bayramı ilə əlaqədar söhbət açıb.

"Marneuli" Radiosu
Print