Dmanisili müəllim “Gürcüstanın Əməkdar Müəllimi” adına layiq görülüb
Dmanisi rayonunun Aşağı Orzuman məktəbinin müəllimi və direktor səlahiyyətini icra edən İslam Məmmədov “Gürcüstanın Əməkdar Müəllimi” adına layiq görülüb. Mükafat Təhsil Nazirliyinin “Müəllimlərin Peşəkar İnkişafı Milli Mərkəzi” tərəfindən verilib.

İslam Məmmədov 1977-ci ildən Gürcüstanda pedaqoji fəaliyyətlə məşğul olur. O, “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, onun mükafata layiq görülməsi gözlənilməz olub.

“Bu mənim üçün gözlənilməz oldu. O mənada ki, mən inanmırdım ki, müstəqillik dövründən bu yana qədər Dmanisidə mükafata layiq görülən azərbaycanlı olsun. Bu mükafata layiq görülən ilk azərbaycanlı mənəm. Bu günə qədər bu cür mükafat heç kimə təqdim olunmamışdı. Mən düşünürdüm ki, bu mükafat heç kimə verilə bilməz. Mən özlüyümdə iddialı idim. Yetişdirdiyimiz tələbələrimiz sosial medialarda və telefon zəngləri ilə mənə deyirdilər ki, müəllim, çoxdandır ürəyimizdə gəzdirdiyimiz arzumuz həyata keçdi. Bu gözəl sözlər mənə o mükafatdan da qiymətli oldu. Mən 2008-ci ildə prezident təqaüdünə də layiq görülmüşəm. Həmin il Dmanisidə 5 nəfər prezident təqaüdünə layiq görülmüşdü, onlardan biri də mən idim. Yeganə azərbaycanlı mən idim. Bu mükafat mənim üçün daha əzizdir. Çünki bu bir-başa müəllim əməyinə verilən qiymətdir. Məni bu mükafata layiq görənlərə öz təşəkkürmü bildirirəm. Mən özüm də müəllimlərimdən öyrənmişəm və öyrətməyə də davam edirəm. Bu mükafat məni arxayın salmır. Bu mükafatı təkcə özümə aid hesab etmirəm, bunu kollektivimiz adına hesab edirəm”, – İslam Məmmədov “Marneuli” radiosu ilə söhbəti zamanı dedi.

Müəllimin mükafata layiq görülməsi Novruz bayramına təsadüf etdiyi üçün bu onun üçün iki qat sevincli olub.

“Mükafata layiq görülən gün yağışlı bir gün idi. Martın 20-i idi. Sabahı günü məktəbimizdə Novruz bayramı keçiriləcəkdi. Əslində biz də Novruz bayramına hazırlaşırdıq. Mənə Resurs Mərkəzin rəhbəri zəng edib dedi ki, İslam müəllim, sizin məktəbə gəlirik. Başqa heç nə demədi. Sadəcə onu dedi ki, müəllimləri müəllimlər otağına yığın. Məktəbə gəldilər və birdən-birə deyəndə ki, siz mükafata layiq görülmüsünüz – bu mənim üçün gözlənilməz oldu. Sevincimin həddi-hüdudu olmadı. Onlar orada sertifikatı və döş nişanını verdilər. Təbrik etdilər. Bu mənim üçün çox sevindirici bir gün oldu. Bu ifadə bir az təvazökarlıqdan kənar da olsa, bu mənim haqqım idi. Bu mənim əməyimin göstəricisi idi. Mən bunu azərbaycandilli məktəblərə, azərbaycandilli müəllimlərə, azərbaycandilli pedaqoji ictimaiyyətə verilən yüksək qiymət kimi qəbul etdim. Dövlətimiz sağ olsun, var olsun ki, kimlərinsə başqa cürə düşündüyü kimi yox, dövlət layiqli insanları bu cür qiymətləndirir”, – Məmmədov dedi.

Mükafatın təqdimetmə mərasimində Dmanisi meri Koba Muradaşvili, Dmanisi Resurs Mərkəzinin rəhbəri Maya Xmaladze və idarənin digər əməkdaşları iştirak ediblər. Dmanisi meri Koba Muradaşvili və digər əməkdaşlar Məmmədova və məktəbin bütün pedaqoji kollektivini mükafat görə təbrik ediblər.

Qeyd edək ki, İslam Şamı oğlu Məmmədov 27 iyun 1956-cı ildə Dmanisi rayonunun Aşağı Orzuman kəndində anadan olub. Orta təhsilini Aşağı və Yuxarı Oruzman məktəblərində alıb. Məktəbi bitirdikdən sonra 1973-cü ildə ali təhsilini N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin (əvvəllər V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu olub) riyaziyyat fakültəsində davam etdirib. 1977-ci ildə ali təhsilini bitirdikdən sonra təyinatla Gürcüstana, doğma kəndi olan Aşağı Orzuman kəndinə qayıdaraq pedaqoji fəaliyyətinə başlayıb. Həmin ildən bu günə qədər məktəbdə riyaziyyat müəllimi işləyir. 1996-cı ildən kənd məktəbinə rəhbərlik edir. Məmmədov iki dəfə Dmanisi Bələdiyyə Məclisinə deputat seçilib. Hal-hazırda “Gürcüstan” qəzetinin Dmanisi rayonu üzrə xüsusi müxbiridir. Qəzetdə bir sıra məqalələri dərc olunub. İslam Müəllim riyaziyyat üzrə baş müəllimdir.


Print Email
FaceBook Twitter Google