Marneulidə müəllimləri narahat edən problemlərlə bağlı görüş keçirildi (FOTO)
Bu gün, 14 aprel tarixində Marneulidə fəaliyyət göstərən “Azərbaycan Evi”ndə müəllimlərlə görüş keçirildi. Görüşdə Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərdə mövcud olan problemlər, müəllimləri narahat edən məsələlər (ibtidai sinif, təcrübəçi müəllim statusu olan, xüsusi müəllimlər, ana dili və s.) müzakirə edildi və dövlət qurumlarına birgə müraciət ünvalandı.

İqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayevanın təşəbbüsü ilə keçirilən görüşdə Marneuli ilə yanaşı Qardabani, Bolnisi və Dmanisinin azərbaycandilli məktəblərində işləyən müəllimlər də iştirak edirdilər.

Aygül İsayeva “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, illərdir, müəllimlərə qarşı yaradılan süni maneələr var.

“Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərdə kifayət qədər ciddi problemlər mövcuddur. Bu gün təhsil sahəsində yaşanan problemləri müəllimlərlə birlikdə müzakirə edib dövlət orqanlarına birgə müraciət ünvanladıq. Çox məhsuldar bir görüş oldu, müəllimləri narahat edən bir sıra problemə toxunduq. Təxminın 10-12 problem, mövzu ətrafında müzakirəmiz oldu. Bildiyiniz kimi, artıq bu ildən “təcrübəçi müəllim” statusu ləğv ediləcək. Təcrübəçi müəllim statusunu daşıyan müəllimlər arasında ixtisas fəndən maksimum, yəni 10 kredit toplayan müəllimlər var ki, onların baş müəllim statusu almaları ilə bağlı illərdir süni maneələr yaradılır. Təsəvvür edin ki, gürcüdilli məktəblərdə təxminən 80 müəllim “təcrübəçi müəllim” statusu ilə fəaliyyət göstərir. Azərbaycandilli məktəblərdə isə bu rəqəm 1400-ə yaxındır. Gürcüdilli məktəblərdə fəaliyyət göstərən müəllimlər vaxtilə fənn imtahanından 1 kredit toplayıb “baş müəllim” statusunu əldə ediblər. Ancaq Azərbaycandilli məktəblərdə fəaliyyət göstərən müəllimlər illərdir, süni maneələrin qurbanı olublar və olmaqda da davam edirlər”, – Aygül İsayeva dedi.

Onun sözlərinə görə, onların əsas tələblərindən biri fənn imtahanından yüksək nəticə əldə edən müəllimlərə birbaşa baş müəllim statusunun verilməsidir.

“Fənn imtahanından maksimum, 10 kredit toplayan müəllimlər bu il statuslarını, eləcə də iş yerlərini itirmək təhlükəsi ilə üzləşiblər. Əsas tələblərimizdən biri fənn imtahanından yüksək nəticə əldə edən müəllimlərə birbaşa baş müəllim statusunun verilməsidir. Bu günə qədər dövlət qurumlarına ünvanladığımız müraciətlərin müsbət nəticəsi də var. Əsaslandırılmış müraciətilərimiz nəticəsində fənn imtahanından 10 kredit toplayan Azərbaycan dili və ədəbiyyat müəllimlərinə əlavə şərt olmadan bu il baş müəllim statusu verdilər. Düşünürəm ki, eyni qaydanı digər müəllimlər üçün də tətbiq etmək olar. Baş müəllim statusunun verilməsində əsas prioritet müəllimin fənn üzrə bilik səviyyəsi olmalıdır, əlavə süni maneələr ləğv edilməlidir. Bu gün həmçinin əsas müzakirə edilən mövzulardan biri də ibtidai sinif müəllimləri, xüsusu müəllimlər, inklüziv təhsil, öz fənnini yüksək səviyyədə bilən müəllimlərə güzəştlərin edilməsi, Milli Tədris Planına dəyişiklik edilməsi və ana dili üzrə dərs saatlarının artırılması ilə bağlı oldu”,
– deyə Aygül İsayeva bildirdi.

Görüşdə iştirak edən müəllimlər ümid edirlər ki, onları narahat edən problemlər tez bir zamanda öz həlini tapacaq.

“Gürcüstanda tarix boyunca azərbaycandilli məktəblərdə problemlər olub. Məsələn, 1935-1936-cı tədris ilində Gürcüstanda 320 azərbaycandilli məktəb fəaliyyət göstərib. Amma bu gün o yarıya enib. Azərbaycandilli məktəblərdə tarixən problemlər yaşanıb bu gün də yaşanır. Biz bölədə 50-60 şagirdi olan məktəblər bağlanır. Digər məktəblərə birləşdirilir. Amma Gürcüstanın ucqar rayonlarında 5 nəfər şagirdi olan məktəblər var. Mən ümidvaram ki, Avropa demokratiyasına qoşulan Gürcüstanda demokratiya, tolerantlıq o qədər inkişaf edəcək ki, gələcəkdə milli azlıqlara qarşı bu cür problemlər olmayacaq. Milli azlıqlara qarşı münasibət dəyişməlidir. Avropa Şurası Gürcüstanın qarşısına çoxlu maddələr qoyub. Gürcüstan da Avropa Şurasına daxil olmaq üçün həmin qaydalara əməl etməlidir və milli azlıqlara qarşı şəffaf və tolerant olmalıdır”, – Səyyad Xəlilov dedi.

Dəmyə Görarxı ictimai məktəbinin müəllimi Xanım İbrahimova “Marneuli” radiosu ilə söhbəıti zamanı bildirdi ki, müəllimlərin status almasında çətinliklər var.

“Bugünki görüş çox maraqlı keçdi. Üzləşdiyimiz problemlərlə bağlı fikir mübadiləsi apardıq. Bizim azərbaycandilli məktəblərdə müəyyən probləmlər hələ də var. Bunların həll olunması lazımdır. Müəllimlərin status almasında da çətinliklər var. Fənn imtahandan keçsəlr də, gürcü dilindən keçə bilmirlər. Bunlara güzəşt olsa, daha yaxşı olardı. Aygül xanıma təşəkkür edirəm ki, bu cür görüşlər təşkil edir və müəllimlərin problemləri ilə maraqlanır. Ümid edirəm ki, bugünki müraciətmizə aidiyyəti orqanlar müsbət cavab verəcəklər”.

Görüşün sonunda müraciət oxundu və görüş iştirakçıları tərəfindən yekdilliklə qəbul edildi. Müəllimlər tərəfindən imzalanan həmin müraciət Gürcüstanın Baş nazirinə, Təhsil və Elm Nazirliyinə, Gürcüstan Parlamentinə və Xalq Müdafiəçisinə (Ombudsman) göndəriləcək.

Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google