Polşanın yardımı ilə Marneuli 3 saylı uşaq bağçasında bərpa olunan enerji mənbəyi quraşdırılacaq
Polşanın dəstəyi ilə Marneuli şəhər 3 saylı uşaq bağçasında günəş elektrik sisteminin quraşdırılması nəzərdə tutulur. Marneulidə rəsmi səfərdə olan Polşanın Qmina Kobilinitsa şəhərinin meri Leşek Kulinski 23 aprel tarixində 3 saylı bağçanı nəzərdən keçirib. Marneuli yerli özünüidarəsi ənənəvi olaraq, “Marneuli” radiosuna Polşa heyətinin səfəri barədə məlumat verməyib və görüşün foto materialını sosial şəbəkədə yayımlayıblar.

“Heyət üzvləri bələdiyyənin rəhbər şəxsləri ilə birlikdə 3 saylı uşaq bağçasının binasını nəzərdən keçiriblər və günəş elektrik sisteminin quraşdırılması ilə əlaqədar texniki məsələləri müzakirə ediblər.

Görüşdə Marneuli merinin müavinləri Zurab Panqani və Temur Çubitidze, Bələdiyyə Məclisi sədrinin müavinləri Riçard Qiqani və Rövşən İsgəndərov, Marneuli Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov, yerli özünüidarə nümyəndələri və dəvət edilmiş ekspertlər iştirak ediblər”,
- Marneuli meriyasının məlumatında qeyd olunub.

Marneuli yerli özünüidarəsi Polşanın Qmina Kobilintsa şəhər merinin səfəri üçün tərcüməçi xidmətini sadələşdirilmiş qaydada təmin edib. Meriya bir gün ərzində tərcümə xidməti üçün İrina Sarkisovaya 637 lari 80 tetri ödəyib.

Marneuli bələdiyyəsi və Polşa Respublikasının Qmina Kobilintsa şəhəri arasında 2017-ci ildən qarşılıqlı əməkdaşlıq memorandumu qüvvədədir. Memorandum çərçivəsində bələdiyyələr müxtəlif sektorlar istiqamətində əməkdaşlıq edirlər.

"Marneuli" Radiosu
Print