Marneulidə peşəkar təhsil forumu keçirildi (FOTO)
29 aprel tarixində Marneulidə fəaliyyət göstərən “Modus” Kollecində Avropa İttifaqının dəstəyi ilə “Bilik və Bacarıqların İnkişafı naminə Şəbəkələrin və Platformaların Gücləndirilməsi Layihəsi (LINKS)” və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Məşğulluq üçün Təhsil" (Skills4jobs) proqramı çərçivəsində peşəkar təhsil forumu keçirildi.


Bu barədə "Yeni Düşüncə İnstitutunun" təsisçilərindən Kamran Əfəndiyev məlumat verdi. O, bildirdi ki, görüşdə Dmanisi və Marneuli bələdiyyələrindən beş kollec iştirak edirdi.

"Görüşdə Dmanisidən və Marneulidən beş kollec, işəgötürənlər və biznes nümayəndələri, eləcə də bələdiyyədən olan məktəbli və məktəbi bitirmiş 150 gənc iştirak edirdi. Xoş haldır ki, burada azərbaycandilli, ermənidilli və gürcüdilli gənclər forumumuza maraq göstərdilər. Görüşün əsas məqsədi kolleclərin imkanlarını kəndlərdə yaşayan gənclərə tanıtmaq idi. Bildiyimiz kimi, kolleclərin əksəriyyətində dövlət proqramları mövcuddur və gənclər pulsuz təhsil ala bilirlər. Bundan əlavə görüşü ona görə işəgötürənlərlə eyni gündə təşkil etdik ki, burada işəgötürənlər gələcək vakantlarını müvafiq fakültələrə görə təyin etsinlər", - Kamran Əfəndiyev dedi.

Əfəndiyev tədbirin məhsuldar keçdiyini və məmnun qaldığını bildirir.

"Görüşü çox yüksək qiymətləndirirəm və düşünürəm ki, bu cür forumlar tez-tez təşkil olunmalıdır və ucqar kəndlərdə yaşayan gənclər kolleclərin imkanları ilə bağlı dərin məlumat əldə etməlidirlər. Forumun bir müsbət tərəfi də ondan ibarət idi ki, gənclər təhsillərini tamamlayır və harada işlə təmin olunacaqları ilə bağlı tam məlumatları olmur. Bizim təşkil etdiyimiz forumda işə götürənlər də iştirak edirdi və gənclərə gələcəkdə necə işə götürəcəkləri ilə bağlı məlumat verirdilər, bu isə gənclərdə stimul yaradır", - Kamran Əfəndiyev dedi.

Qeyd edək ki, tədbir “Bilik və Bacarıqların İnkişafı naminə Şəbəkələrin və Platformaların Gücləndirilməsi” (LINKS) layihəsi çərçivəsində baş tutdu.

Layihə Birləşmiş Millətlər Təşkilatının Gürcüstan Assosiasiyası (UNAG) və Gürcüstan Açıq Cəmiyyət Fondu (OSGF) tərəfindən Avropa İttifaqının dəstəyi ilə həyata keçirilib.

Layihənin Kvemo Kartli regionunda tərəfdaş təşkilatları Yeni Düşüncə İnstitutu (NTİ) və Marneuli Demokrat Qadınlar Cəmiyyətidir.
Müəllif: Gülçin İsmayılova

Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google