Marneulinin 4 məktəbində birinci sinfə heç bir şagird qeydiyyatdan keçməyib
Məktəblərdə birinci sinif şagirdlərinin qeydiyyatının üçüncü mərhələsi başa çatıb. Marneuli bələdiyyəsinin 74 ictimai məktəbi 2023-2024-cü tədris ili üçün 2890 nəfər birinci sinif şagirdini qəbul edə bilər.

Marneuli miqyasında mövcud olan təhsil müəssisələrində birinci sinif üçün 1388 şagird qeydiyyatdan keçib. 1502 yer boş qalıb. Qarşıda qeydiyyatın sonuncu mərhələsi durur.

Ancaq nəzərə alsaq ki, əsas mərhələ artıq
başa çatıb, göstəricilərdə böyük dəyişiklik gözləməməliyik. Elə məktəblər var ki, birinci sinfə heç bir şagird qeydiyyatdan keçməyib.
  • Opreti ictimai məktəbi
  • Xutor-Lejbəddin ictimai məktəbi
  • Tserakvi ictimai məktəbi
  • İmirçala ictimai məktəbi
Opreti məktəbi 20, Xutor-Lejbəddin 5, İmirçala 10, Tserakvi isə 13 nəfər birinci sinif şagirdi qəbul edə bilər.

Ağqula kənd ictimai məktəbində yalnız 1 nəfər birinci sinif şagirdi qeydiyyatdan keçib. Çanaxçıda 3, Kirovkada 3, Şaumyanda 3, Sionidə 1 şagird birinci sinfə qeydiyyatdan keçib.

İndiki mərhələdə Marneuli 2, 5 və 6 saylı ictimai məktəbdə heç bir boş yer qalmayıb.

Birinci siniflərin ümumi qeydiyyat təlimatına linkdən baxa bilərsiniz.

I, II və III mərhələdə qeydiyyatdan keçə bilməyən, yaxud qeydiyyatı dəyişdirmək istəyən şagirdlər məktəblərdə IV mərhələdə - 17 iyuldan 28 iyula qədər, boş yerlərə və ya əvvəlki mərhələlərdə boşalan yerlərə qeydiyyatdan keçə biləcəklər.

Şagirdin qeydiyyatını dördüncü mərhələdə valideynin/qanuni nümayəndənin təqdim etdiyi vacib sənədlər əsasında ictimai məktəb təmin edir.

 

Print Email
FaceBook Twitter Google