Ali məktəblərə qəbul olunan abituriyentlər öz təəssüratlarını bölüşdülər
Milli Qiymətləndirmə və İmtahan Mərkəzi abituriyentlərin imtahan nəticələrini yayımlamağa başlayıb. 1+4 proqramı ilə imtahan verən abituriyentlərin nəticələri də məlum olub.

Sadaxlı 1 saylı ictimai məktəbinin məzunu, 17 yaşlı Gülnaz İsgəndərova 69 bal toplayıb. O, çox sevinir ki, istədiyi nəticəni əldə edə bilib. İndi Gülnazın ən böyük arzusu seçdiyi universitetdə, istədiyi fakültədə oxumaqdır.

"Mən 69 bal topladım.
30 verbal hissədən, 39 isə riyazi hissədən. Mənə görə riyazi hissə asan idi. Mən Fərzin müəllimin yanında hazırlaşmışdım. Sualların əksəriyyəti tanış olduğumuz mövzulardan idi. Hazırlıq müddəti bir az çətin oldu. Gedib-gəlmək mənim hazırlığıma çətinlik yaradırdı. Amma çətinliklərə baxmayaraq, imtahanı yaxşı keçdim. İlk sırada İlianı yazmışam. İngilis dili filologiyasını oxumaq istəyirəm",
– Gülnaz İsgəndərova dedi.

Bolnisidən Marneuliyə hazırlığa gələn Aydan Nəbiyeva "Marneuli" radiosu ilə söhbəti zamanı bildirdi ki, imtahan onun üçün çətin olmayıb.

"Mənim 17 yaşım var. Bolnisi rayonun Qoçulu (Çapala) kəndində yaşayıram və kəndimizin məktəbini bitirmişəm. Mən hazırlığa Fərzin müəllimin yanına gedirdim. Çox yaxşı öyrədirdi. İmtahandan 64 bal topladım. Riyaziyyatdan çox bal yığacağımı düşünürdüm. Çünki riyaziyyat çox asan idi. Amma məntiqdən bu qədər gözləmirdim. İmtahan mənim üçün asan idi. Riyaziyyat sahəsi üzrə təhsil almağı düşünürəm və təhsilimi isə Cavaxişvilidə davam etdirmək istəyirəm. Hazırlıqlar mənim üçün asan idi. Fərzin müəllim məntiq və riyazi hissəni yaxşı başa salırdı", – Aydan Nəbiyeva bildirdi.

Tələbə adını qazananlar arasında Qasımlı kənd sakini Güləsər Tağıyeva da var. O, çox sevinir ki, tələbə adını qazanıb. Tağıyeva ona dəstək olan ailəsinə təşəkkürünü bildirir. O, bildirir ki, ailəsi ona hər zaman dəstək olublar.

"Uşaqlıqdan universitetə qəbul olmağı və təhsilimi davam etdirməyi arzulayırdım. Bu gün isə tələbə olduğun üçün çox sevinirəm. Abituriyentlik dövrü mənim üçün çox mühüm, çətin və maraqlı idi. Bu nəticəni gözləyirdim. Çünki çox hazırlaşırdım və bilirdim ki, nəticəm yaxşı olacaq. Həm də yaxınlarım, ilk növbədə ailəm və müəllimlərim yanımda idi. Ailəmə minnətdarlığımı bildirmək istəyirəm. Əlbəttə, bu nəticəni əldə etməyimdə müəllimlərimin böyük rolu var. Onlar mənim ən böyük dəstəkçilərimdirlər. Fərzin Məşədiyev və Seyfəddin Hüseynov. Seyfəddin müəllim mənə həm riyaziyyatı öyrətdi, həm də sevdirdi. Həmişə deyirdi ki, oxu, şən möhtəşəm riyaziyyatçı olacaqsan! O, mənim üçün çox dəyərlidir. Fərzin müəllimi isə bu il tanıdım. Mənim müəllimim olduğu üçün çox şanslıyam! Həmişə yanımda idi, hər şeyin ən yaxşısını mənə məsləhət görürdü, bir sözlə, çox yaxşı müəllimdir! Gələcəkdə isə riyaziyyatçı olmağı düşünürəm", – Güləsər Tağıyeva qeyd etdi.

Bolnisisinin Qoçulu məktəbinin 61 bal toplayan məzunu Nəzirin Qafarova deyir ki, yaxşı nəticə əldə etmək üçün daha çox çalışmalısan.

"Əslinə baxanda hazırlıq mənim üçün yaxşı keçdi. Bacarığım var idi. Mənim üçün hazırlıq pis keçmədi, gözəl keçdi. İnsan çox çalışanda istədiyi hər şeyə nail ola bilir. Hazırlıqdan başqa çoxlu kitabları təkrarlamaq lazımdır. Ev tapşırığından başqa əlavə tapşırıqlar üzərində işləyin. Müəllim 5 tapşırıq veribsə, siz daha çox tapşırıq həll etməyə çalışın. Əlavə mənbələrdən tapşırıqlar həll edin. Belə olan halda yaxşı nəticələr əldə edə bilərsiniz. Əslinə baxanda, imtahan mənim üçün yaxşı keçdi. Pis keçmədi. Mən gözəl nəticə əldə etdim, ürəyimcə oldu. Abituriyentlərə tövsiyəm odur ki, imtahanda tələsməsinlər. Mən imtahanda 61 bal topladım. Həmin balı mənim özüm də gözləmirdim. Çalışmağa çalışırdım, ancaq gözləmirdim ki, bu qədər bal yığa biləcəyəm. Mən maksimum 55-56 bal gözləyirdim", – Nəzrin Qafarova dedi.

17 yaşlı Nurxan Hacıyev Algeti kəndindəndir. O, orta təhsilini Algeti 1 saylı ictimai məktəbində alıb. Nurxan öz təhsilini Tibb Universitetində davam etdirmək istəyir.

"Mən imtahandan 58 bal topladım. Riyazi hissə asan idi. Amma verbal hissə çətin idi. Hazırlıq yaxşı keçdi. Fərzin müəllim yaxşı dərs keçdi. İmtahanda məndə həyəcan var idi. Mən Tibb Universitetini seçmək istəyirəm. İstəyirəm ki, diş həkimliyi oxuyum", – Nurxan Hacıyev dedi.

Repetitor Fərzin Məşədiyev 7 ildir ki, tələbə hazırlayır. Onun sözlərinə görə, tələbə hazırlamaq onun üçün çətin deyil. Fərzinin dediyinə görə, tələbə hazırlamaq böyük məsuliyyət tələb edir.

"Tələbəlik illərimdən abituriyent hazırlığı ilə məşğulam, demək olar ki, 7 ildir. Tələbə hazırlamaq mənim üçün çətin deyil, sadəcə məsuliyyətli və zövqvericidir. Bu il 60-a yaxın abituriyentim var idi. Hazırlıqlarım çox rahat, məhsuldar və əyləncəli oldu. Demək olar ki, hər il eyni səviyyədə suallar olur. Baryeri demək olar ki, 90% keçib, az hissəsi isə baryerə yaxın toplayıb. Ayın sonunda onların qəbul olub-olmadığı bəlli olacaq. Məktəbdə dərs yüküm çox olduğuna görə abituriyentlərə çox vaxt ayıra bilməmişəm, amma bacardığım qədər hazırlayıram. Mən həmişə çalışmışam ki, məktəbə daha çox diqqət ayırım, şagirdlərin əlavə hazırlığa ehtiyacı olmasın. Bunu da qeyd edim ki, məktəbdə dərs verdiyim şagirdlərə repetitorluq etmirəm, məktəbdə öyrətdiklərim onlara kifayət edir. Bu günə kimi tələbələrimin dəqiq sayını deyə bilmərəm, amma yəqin ki 500 nəfərə yaxın olub. Həmişə də nəticələrim yüksək olub. Tələbə hazırlamaq çox böyük məsuliyyət tələb edir. Nə qədər bilikli olsan da, öyrətmək bacarığın yüksək olmalıdır. Xoşbəxtlikdən problem yaşamamışam, məktəbdə də ilk işlədiyim vaxtlardan yuxarı sinif şagirdləri ilə işləmişəm, yaşımın az olmasına baxmayaraq, təcrübəm çoxdur. Bunu ən yaxşı tələbələrim bilir", – Fərzin Məşədiyev dedi.

Məlumat üçün bildirək ki, bu il etnik azlıq nümayəndələri, həmçinin azərbaycandilli abituriyentlər üçün nəzərdə tutulmuş ümumi qabiliyyət imtahanı 18 iyul tarixində keçirilib. Ümumi qabiliyyət imtahanlarının nəticələri isə 4 avqust tarixində dərc edilib.

Print Email
FaceBook Twitter Google