"Yeni Düşüncə İnstitutu" Kvemo Kartlidə yeni layihəyə başlayır
Marneulidə fəaliyyət göstərən "Yeni Düşüncə İnstitutu" "Sosial fəallıq üçün gənclərin gücləndirilməsi: Kvemo Kartlidə vətəndaş təşəbbüslərinin gücləndirilməsi" adlı yeni layihəyə başlayır. Bu barədə məlumatı "Marneuli" radiosu ilə söhbəti zamanı "NTİ"ın təsisçilərindən Kamran Əfəndiyev verdi. Onun sözlərinə görə, layihənin əsas məqsədi gənclərin imkanlarının gücləndirilməsi və onların vətəndaş təşəbbüslərinin dəstəklənməsi yolu ilə Kvemo Kartlidə sosial inklüzivliyin gücləndirilməsinə dəstək olmaqdır.

"Layihənin əsas
məqsədi Bolnisi və Dmanisi bələdiyyələrində, hər birində bir yeni icma mərkəz təsis etməkdir. Əlavə olaraq Kvemo Kartli regionun 4 bələdiyyəsindən – Marneuli, Bolnisi, Dmanisi və Qardabanidən 10 gənci seçib, onlara qısamüddətli proqramlar keçərək, onları ödənişli təcrübə proqramına göndərməkdir. Seçilmiş gənclər istədikləri yerdə təcrübə proqramı keçəcəklər. Ödənişlərini isə biz edəcəyik. Bundan əlavə təşkilatın özünün gücləndirilməsi üçün təşkilat üzvlərinə xüsusi təlimlər keçiriləcək. Ən sonda isə, yəni gələn il gənclər forumunun keçirməyi düşünürük. Layihə çərçivəsində gələn il Kvemo Kartli regionunda gənclər forumunu təşkil edəcəyik. Onu da qeyd edim ki, həmin layihənin əsas məqsədi Kvemo Kartlidə yaşayan gənclərin imkanlarının artırılması, onlara dəstək olmaq və inkişaf etdirməkdir".

Qeyd edək ki, layihə Marneuli, Qardabani, Bolnisi və Dmanisi bələdiyyələrində həyata keçiriləcək.

Layihə çərçivəsində:
  • Bolnisi və Dmanisi bələdiyyələrində iki icma mərkəzi təsis ediləcək.
  • İcma təşəbbüslərinin həyata keçirilməsi, qərarların qəbulu prosesində iştirak və vətəndaş fəallığı istiqamətində 20 gənc təlimlərə cəlb ediləcək.
  • Daha sonra işlə təmin olunma imkanlarının artırılması üçün 10 gənc əvvəlcə təlimlər, daha sonra isə müxtəlif təşkilatlarda təcrübə keçəcək.
  • Mədəni-maarifləndirici turlar təşkil olunacaq.
  • Kvemo Kartli Gənclər Forumu keçiriləcək.
  • "Yeni Düşüncə İnstitutunun" təşkilati imkanları gücləndiriləcək.
Layihə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) və Norveçin dəstəyi ilə, #LEAD "Liderlik, Bərabərlik, Vəkillik və Demokratiya" təşəbbüsü çərçivəsində həyata keçirilir.

Print Email
FaceBook Twitter Google