Marneuli bazarından uşaqlar üçün məktəb ləvazimatları almaq valideynlərə neçəyə başa gəlir
Marneuli bazarında dörd cərgədə yerləşən onlarla piştaxtada məktəb üçün geyimlər və dəftərxana ləvazimatları düzülüb. Məktəbin başlamasına 10 gün qalır. Marneuli bazarı alış-veriş üçün sərfəli yerlərdən biri hesab olunur və xüsusilə məktəb hazırlıqları zamanı yerli sakinlərdən başqa Kvemo Kartlinin digər bələdiyyələrindən də buraya gəlirlər.

Ana İosava iki övladı ilə birlikdə Bolnisidən alış-veriş üçün buraya gəlib. O, deyir
ki, qiymətləri öyrənmək üçün Tbilisiyə də gedib, ancaq aşağı qiymətlərə və daha yaxşı seçim olduğuna görə, Marneulidən almağa qərar verib. O, bildirir ki, iki uşağın məktəbə hazırlığı 1 000 lariyə başa gəlir.

“Mən Bolnisidən gəlmişəm. Marneuli bazarından uşaqlarıma paltar alacağam. İki uşağın geyimi 1 000 lariyə başa gəlir. Həqiqətən də buradan alış-veriş etmək əlverişlidir. Dünən Tbilisidə idim, heç nə ala bilmədim və buraya gəldim”, – Ana İosava bildirir.

Manana İaşvili Marabdadan Marneuliyə alış-verişə gəlib. O, “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, üç uşağa paltar almağa təxminən 1 500 lari xərcləyir. Baxmayaraq ki, qiymətlər hər yerdə bahalaşıb, Manana Marneulidə qismən güzəştli qiymətə alış-veriş edə bilir.

“Seçim həqiqətən də böyükdür, hər qiymətə var, baxır kimin imkanı nəyə çatır. Qiymətlər elədir ki, ucuz da, baha da ala bilərsən. Üç uşaq gətirmişəm, 1000 lariyə üçünə də ala bilməzsən, ən az 1500 lari lazımdır ki, paltar alıb məktəbə göndərəsən. Mən Marabdadan gəlmişəm. Marneuli bazarı mənim üçün əlverişlidir, doğrudur, illər ərzində burada da qiymətlər dəyişib, ancaq Tbilisidə daha bahadır”, – Manana İaşvili deyir.

Marneuli bazarında çantaların qiyməti 25 laridən başlayır və 70 lariyə qədər dəyişir. Donların başlanğıc qiyməti 35 laridir, pençəklər 30 laridən, şalvar 20 laridən, jaket 25 laridən, köynəklər isə 30 laridən başlayır.

Marneuli bazarında dəftərin qiyməti 0,70 tetridən başlayır və 2 lariyə qədər dəyişir. Rəsm dəftəri 2,50 laridən, qələmlər isə 0,20 tetridən başlayır.

“Mən demək olar, hər il Marneuli bazarından paltar alıram. Bir uşağım var, təkcə paltar, çanta almaq təxminən 600 lariyə başa gəlir. Dəftərxana ləvazimatları üçün əlavə xərc nəzərdə tutmuşam. Deyə bilmərəm ki, burada da çox ucuzdur, ancaq Tbilisi ilə müqayisədə burada çox yaxşı qiymətə alırıq. Çantaya 35 lari verdim, bir şalvarı 35 lariyə, pencəyi 40 lariyə aldım. Köynəyə isə 25 lari verdim”, – kimliyini açıqlamaq istəməyən müsahiblərdən biri dedi.

Gürcüstan miqyasında ictimai məktəblərdə 2023-2024-cü tədris ili 15 sentyabrda başlayacaq.

Print Email
FaceBook Twitter Google