“Bir çanta, bir ümid” – Salam kampaniya çərçivəsində 243 uşağa məktəb ləvazimatları verib
“Bir çanta, bir ümid” – “Salamın” kampaniyası başa çatıb. Təşkilatın məlumatına görə, ictimaiyyətin dəstəyi ilə Marneuli, Bolnisi, Dmanisi, Qardabani, Saqareco və Laqodexi bələdiyyələrində (ümumilikdə 54 kənddə) 243 uşağa məktəb ləvazimatları verilib.

“Xatırladaq ki, kampaniya vətəndaşların maliyyə dəstəyi ilə baş tutdu və 234 nəfər maddi dəstək göstərdi. Ümumi məbləğ 9 682,7 lari təşkil etdi. Qeyd edək ki, kampaniya çərçivəsində həmçinin, “Mərmərə Universitetinin Tələbə Birliyindən” də dəstək aldıq. Onlar bizə 203 çanta verdilər. Həmin çantaların gətirilməsini isə “Meta Group” təmin etdi. Bu kampaniyaya başlamağımızda məqsədimiz mərkəzdən uzaqda yerləşən kəndlərdə yaşayan uşaqlara təhsil imkanlarını az da olsa əlçatan etmək, uşaqlarda təhsilə marağı artırmaq idi. Çünki qeyri-dominant etnik qrupların məskunlaşdığı kəndlərdə təhsil məsələsinin aktual gündəlikdə olması mühümdür. Bildiyiniz kimi, uşaq bağçalarının əlçatanlığı üç dəfə daha azdır (Bolnisi və Dmanisi bələdiyyələrində etnik azərbaycanlılar yaşayan heç bir kənddə uşaq bağçası yoxdur), əksər kəndlərdə məktəb binası qəzalı vəziyyətdədir və antisanitariya vəziyyəti kifayət qədər ciddi problem olaraq qalır. Eləcə də etnik azlıqların yaşadıqları kəndlərin məktəblərində müəllimlərin sayı iki dəfə azdır. “Salam” platformasında birləşmiş gənclər inanırıq ki, burada sadalanan və sadalanmayan problemlərin aradan qaldırılması üçün dövlətin düzgün sistemli baxışı, dəyişikliklər lazımdır. Ancaq ona qədər özümüzə, ictimaiyyətə qeyd olunan simptomları yüngülləşdirmək üçün qarşılıqlı dəstək və həmrəylik lazım olacaq. Məhz bu həmin kampaniyanın məqsədlərini uğurla həyata keçirməyə şərait yaratdı”, – “Salam” təşkilatı bildirib.

“Salam” platforması tərəfindən “Bir çanta, bir ümid” kampaniyasına iyul ayında start verilib.

Print Email
FaceBook Twitter Google