Qardabanidə yeni təhsil mərkəzi fəaliyyətə başlayıb
Qardabani bələdiyyəsində gənclərin asudə vaxtının səmərəli keçirilməsi üçün yeni təhsil mərkəzi fəaliyyətə başlayıb. "Qardabani Təhsil və İnteqrasiya Mərkəzi" kimi qeydiyyatdan keçən mərkəzdə dil kursları ilə yanaşı musiqi dərsləri də keçiriləcək. Mərkəzin icraçı direktoru Çiçək Hüseynovanın "Marneuli" radiosuna bildirdiyinə görə, bütün kurslar ödənişsiz olacaq.

"Qardabani Təhsil və İnteqrasiya Mərkəzinin yaradılmasında məqsəd Qardabani bələdiyyəsində yaşayan sakinlərə təhsil sahəsində yardım göstərməkdir. Mərkəzdə Azərbaycan dili, gürcü dili, ingilis dili və musiqi (saz, pianino, tar) üzrə kurslar olacaq, tamamilə təmənnasız olacaq. Eyni zamanda müxtəlif tədbirlər də həyata keçirəcəyik. Əsasən gənclərin məlumatlandırılmasının vacibliyindən irəli gələrək treninq-seminarlar təşkil olunacaq".

Təhsil mərkəzinın rəsmi açılışı sentyabr ayının 18-də, saat 15:00-da olacaq. Hüseynovanın sözlərinə görə, artıq kurslara qeydiyyat başlayıb. Hal-hazırda mərkəzə 300-dən artıq müraciət daxil olub.

"Bildiyimiz kimi Qardabani bələdiyyəsində buna oxşar mərkəz fəaliyyət göstərmir və gənclərimizin belə bir mərkəzə çox ehtiyacları var. Çünki onların dərsdən sonra gedə biləcək yeri və iştirak edə biləcək kursları yoxdur. Məqsədimiz tək şagirdlərə yardım göstərmək deyil, başqa yaş qruplarında olan insanlara da kömək etməkdir. Bu kurslardan hər kəs yararlana bilər. Misal üçün tələbələr, orta yaş qrupunda olan qadınlar və kişilər də qoşula bilər".

Qardabanidə yeni fəaliyyətə başlayan "Təhsil və İnteqrasiya Mərkəzi"ndə ödənişsiz keçiriləcək kurslara artıq qeydiyyat başlayıb. Azərbaycan, Gürcü və İngilis dili, eləcə də musiqi kurslarına yaşı 10-dan yuxarı olan hər kəs qeydiyyatdan keçərək, sınaq imtahanında iştirak edə bilər.

Çiçək Hüseynova onu da bildirdi ki, dərslər həftədə iki dəfə olmaqla, yalnız əyani formada keçiriləcək. Kurslara qeydiyyat sentyabr ayının 15-dək davam edəcək.

Qeydiyyatdan keçmək üçün qeyd edilən linkdəki qeydiyyat formasını doldurmaq və ya mərkəzlə əlaqə saxlamaq mümkündür: https://t.ly/EX0i5

Əlaqə üçün:
  • +995 599 60 18 77 (WhatsApp)
  • CLOAKING
  • Ünvan: Qardabani şəhəri, Vağzal küç. #21/a

Print Email
FaceBook Twitter Google