Vaqonlarda keçən 20 ildən sonra Çanaxçı məktəbində təhsil yeni binada başlayıb
Vaqonlarda keçən 20 ildən sonra Çanaxçı kənd ictimai məktəbinin yeni binası istifadəyə verilib. Müasir standartlara uyğun tikilmiş yeni məktəbdə 15 sentyabrda 3 şagird üçün ilk zəng çalınıb. Təhsil müəssisəsinin ümumilikdə 20 şagirdi var. Məktəb direktoru Manana Manukyan deyir ki, bu gün onların çoxdankı arzuları gerçək olub.

“Yeni məktəb binası bizim şagirdlərin arzusu idi. 20 il idi, vaqonlarda təhsil alırdıq. Yeni məktəb müasir standartlara uyğundur. Hər şey yenidir, siniflər təchiz olunub, məktəb 60 şagird üçün nəzərdə tutulub. Təhsil prosesi üçün yaxşı şərait çox mühümdür. Uşaqlar tam təhsil alacaqlar. Hamını təbrik edirəm”, – Manana Manukyan deyir.


Qeyri-gürcüdilli məktəblərin inkişafı proqramının gürcü dili ikinci dil kimi fənni üzrə məsləhətçi müəllimi Ana Xomeriki uşaqlara gürcü dilini tədris etməyə 2016-cı ildə vaqonlarda başlayıb. O, bu gün bizimlə söhbəti zamanı bildirdi ki, yeni məktəb binası keyfiyyətli təhsilin ilkin şərtlərindən biridir.

“Əlbəttə, bunlar hamısı müəllimin, eləcə də şagirdin motivasiyasını artırır. Kənd üçün də çox ümidvericidir. 21-ci əsrdə vaqonda təhsil prosesi aparılmamalıdır və yeni məktəb bizim üçün çox sevindiricidir”, – Ana Xomeriki bildirdi.

Çanaxçı məktəbinin açılış mərasimində yerli özünüidarə nümayəndələri də iştirak ediblər. Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze şagirdləri yeni tədris ilinin başlaması münasibəti ilə təbrik edib və bildirib ki, bələdiyyə təhsil müəssisəsinin tikintisinə dəstək olacaq.

“Çanaxçı kəndində yeni məktəb tikildi, müasir tipli məktəbdir. Birinci sinifləri tədris ilinin başlamasına görə təbrik edirəm. Sevinirəm ki, uşaqların yaxşı şəraitdə təhsilə davam etmək imkanı var. Bizim bələdiyyədə artıq 9 yeni məktəb binası tikildi və tikintilər yenə planlaşdırılır. Belə məktəblərin tikintisində iştirak edən hər kəsə minnətdarlığımı bildirirəm”, – Amiran Qiorqadze bildirib.


Məktəbin açılışında Təhsil Resurs Mərkəzinin nümayəndəsi İrma Davadze də iştirak edirdi. O, bizimlə söhbəti zamanı bildirdi ki, Marneuli miqyasında 20 078 şagird təhsilə başlayıb.

“Bu gün yeni bina çox xoşumuza gəldi, çox gözəl məktəbdir. Onun tikintisi üçün 1 600 000 lari xərclənib. Vəsait Bələdiyyələrin İnkişafı Fondu tərəfindən ayrılıb. Bələdiyyə miqyasında 20 078 şagird məktəbə gedib. Buradan 2000 şagird birinci sinfə gedir. Hamını təbrik edirəm və gözəl tədris ili arzu edirəm. İnnovasiya və mədəni tədbirləri ilə dolu iliniz olsun”, – İrma Davadze bildirdi.


Marneuli bələdiyyəsinin Çanaxçı kənd məktəbinin şagirdlərinə 2019-cu ildə vəd vermişdilər ki, vaqon məktəbi, köhnə döşəməni, cırılmış divar kağızını, köhnə partaları, yeni, abadlaşdırılmış təhsil müəssisəsi əvəz edəcək. Məktəbin tikintisi təxminən 5 il idi, davam edirdi. Bir müddət işlər dayandırılmışdı.


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google