Marneuli bağçalarında təhsil prosesi başlayıb
Bu gün, 18 sentyabr tarixində Marneuli uşaq bağçalarında təhsil prosesi başlayıb. Marneuli bələdiyyəsi miqyasında, indiki mərhələdə 11 bağça və 26 məktəbəqədər hazırlıq mərkəzi fəaliyyət göstərəcək. Bu isə qeydiyyatdan keçmiş 2000-dən artıq uşaq üçün kifayət deyil. Uşaq Bağçaları Birliyinin sədri Zaur Kərəmovun sözlərinə görə, gələn ildən vəziyyətin yaxşılaşacağını gözləyirlər. O zaman üç yeni bağça açılacaq.

“Bir bağça artıq tikilib (Qaçqınlar qəsəbəsi) və düşünürük ki, noyabr ayında açılacaq. Eləcə də, güman ki, Qızılhacılı bağçası da yanvardan açılacaq. Bağçaları bağlandığına görə uşaqlar başqa bağçaya gedir. Ona görə bəzi yerlərdə say çoxdur. Onların əməkdaşları əlavə qruplara əlavə müəllim və ya dayə kimi gedirlər. Hər qrupda dörd nəfər (dayə və pedaqoq) olacaq. Marneulidə ümumilikdə 10 bağçanın tikintisi planlaşdırılır. Mən bildiyimə görə, bu il 3 bağça tikiləcək, layihə sənədləri hazırlanır. Candar ictimai məktəbinin yanında və Tseretelidə, bir bağça isə Şulaveridə tikiləcək”.

Zaur Kərəmov bildirir ki, bağça problemini 3 yeni bağçanın tikintisi həll etməyəcək. Ancaq o, düşünür ki, 10 yeni bağça olan halda problem həll olunacaq.

Gürcüstan baş nazirinin sözlərinə görə, ölkə miqyasında 885 bağçada tikinti-bərpa işləri həyata keçirilib. Qeyd olunan proqram çərçivəsində Kvemo Kartli regionunda cari ildə 15 yeni məktəbəqədər təhsil müəssisəsinin tikintisi və 8 bağçanın bərpasına başlanılacaq.

Tikinti-bərpa işlərini Gürcüstan Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Bələdiyyələrin İnkişafı Fondu həyata keçirəcək. Qeyd edək ki, Marneulidə 3 bağçanın tikintisi üçün dövlət büdcəsindən 10 milyondan artıq vəsait ayrılıb.

Print Email
FaceBook Twitter Google