Hamamlı ictimai məktəbinin açılışı olub (FOTO)
19 sentyabr tarixində Dmanisi bələdiyyəsində yeni təmir olunmuş Hamamlı ictimai məktəbinin açılışı olub. Açılış mərasimində Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirliyin əməkdaşları, Dmanisi bələdiyyəsinin meri Koba Muradaşvili, merin müavini Arif Süleymanov, Dmanisi Bələdiyyə Məclisinin sədri Paata Quliaşvili, Dmanisi Təhsil Resurs Mərkəzinin rəhbəri Maya Xmaladze, Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsak Novruzov, rayon ictimaiyyətinin nümayəndələri və kənd əhalisi iştirak ediblər.

Dövlət tərəfindən təmir olunan ictimai məktəbdə şagirdlər üçün hər cür şərait yaradılıb. Həmçinin məktəb binasında məktəbəqədər hazırlıq qrupunun da açılışı olub.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev məktəbdə yaradılan şəraitlə yaxından tanış olub. Müəllim və şagirdləri yeni tədris ilinin başlanması münasibətilə təbrik edib. O, Azərbaycan dövlətinin Gürcüstanda yaşayan azərbaycanlılara göstərdiyi diqqət və qayğıdan danışıb. Səfirin sözlərinə görə, bu cür dəstək bundan sonra da davam edəcək.

“Yeni tədris ilinin başlaması münasibətilə hər kəsi, şagirdləri, valideynləri, müəllimləri salamlayır və təbrik edirəm. Arzu edirəm ki, bu il sizin hər biriniz üçün dinc və uğurlu olsun”, – Faiq Quliyev bildirib.

Faiq Quliyev Hamamlı ictimai məktəbinə kompüter də hədiyyə edib.

Hal-hazırda Hamamlı ictimai məktəbində 250 şagird təhsil alır. Məmişli, Səfərli və Tqizuri kəndlərinin şagirdləri də Hamamlı ictimai məktəbində təhsillərini davam etdirirlər.

Açılış mərasimində iştirak edən Dmanisi meri Koba Muradişvilinin sözlərinə görə, yaxın vaxtlarda Məmişli, Səfərli, Tqizuri və digər kəndlərdə də məktəb binaları tikiləcək və təmir olunacaq. Onun sözlərinə görə, Hamamlı kəndində yeni uşaq bağçasının inşası da planlaşdırılır.

“Məqsədimiz odur ki, bələdiyyənin bütün dövlət məktəbləri infrastruktur cəhətdən sağlam olsun. Hamamlı kənd məktəbi ötən il əsaslı təmir olunub. Sinif otaqları, hamam otaqları, dəhlizlər, kitabxana, açıq və qapalı idman meydançası inşa edilib. Mərkəzi istilik sistemi çəkilib. Məktəb xüsusi ehtiyacı olan insanlar üçün adaptasiya olunub”,
– Dmanisi Bələdiyyəsinin meri Koba Muradaşvili bildirib.

Hamamlı məktəbinin açılışından sonra Dmanisi Mədəniyyət Mərkəzində Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı konsert proqramı təşkil edilib. Konsert proqramı Xırdalan musiqi məktəbinin iştirakı ilə keçirilib.

Xəbərdə istifadə olunan şəkillər Dmanisi Bələdiyyəsinin "facebook" səhifəsindən götürülüb.


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google