ADA Universitetinin prorektoru Vəfa Kazdalın başçılığı ilə
nümayəndə heyəti Gürcüstanda səfərdədir.
Səfər çərçivəsində ADA Universitetinin nümayəndə heyəti
M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Tbilisidəki 73
saylı və 64 saylı məktəblərin direktorları, müəllim və şagirdləri
ilə görüşüb.
Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Ramel
Lətifov bildirib ki, ADA Universiteti Gürcüstandakı soydaşlarımızla
bağlı təhsil proqramları hazırlayıb. Görüşün əsas məqsədi də
müəllimlərə, tələbə və fəal şagirdlərə ADA Universiteti barədə
ətraflı məlumat verməkdir.
Sonra prorektor Vəfa Kazdal universitetin fəaliyyət istiqamətləri,
tələbələr üçün yaradılan imkanlar barədə ətraflı məlumat verib.
"Gürcüstanda yaşayan soydaşlarımız həm ADA
Universitetində, həm də Qazax Müəllimlər Seminariyasında yüksək
səviyyədə təhsil ala bilərlər. Bundan başqa, ADA Universitetinin
dəstəyi ilə müəllimlər müxtəlif sahələr üzrə ixtisasartırma
kurslarında da iştirak edə bilərlər. Əsas məqsəd Gürcüstandakı
soydaşlarımızın Azərbaycanda yüksək səviyyədə bakalavr və magistr
dərəcəsində təhsil almalarına və onların öz ölkələrinə qayıdaraq
bilik və bacarıqlarını soydaşlarımıza öyrətməsinə şərait
yaratmaqdır".
Görüşdə, həmçinin bildirilib ki, universitetdə Gürcüstanda yaşayan
azərbaycanlılar Azərbaycan dilində Təhsil üzrə menecment, Təlim və
tədrisin təşkili və metodikası, Dövlət idarəetməsi ixtisasları üzrə
təqaüdlü təhsil ala bilərlər.