Qaracalar kəndində Pəri Xanım Sofiyevanın xatirə divarının açılışı olub (FOTO)
Qardabani rayonunun Qaracalar kəndində Pəri xanım Sofiyevanın xatirə divarının açılışı keçirilib. Açılış mərasimi 10 dekabr tarixində Sofiyevanın yaşadığı evin həyətində baş tutub. Divar şəkli rəssam Ana Dedabrişvili tərəfindən, “Mirabaldebi” təşkilatının təşəbbüsü ilə çəkilib.

Xatirə divarın açılışında Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndəsi, Qardabani Bələdiyyə Məclisinin sədr müavini və Bələdiyyə Məclisinin Qaracalar kəndindən olan deputatı, Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri Üzrə Dövlət Nazirinin aparatının nümayəndəsi, Məşğulluq idarəsinin işçiləri, aktivistlər, kənd əhalisi və Pəri xanımın nəslinin nümayəndələri iştirak ediblər.

Pəri xanım Sofiyevanın nəvəsi, şərqşünas və ərəbşünas Əli Sofiyev “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, bu Pəri xanım ilə bağlı görülən tədbirin davamıdır. Onun sözlərinə görə, Gürcüstanda bununla bağlı dəfələrlə tədbirlər keçirilb.

“Pəri xanımın adına Azadlıq meydanında skamya düzəldilmişdi. Tbilisi şəhərində adına küçə də var. Onun üzərində lövhələr asılmışdı. Görünür, bu tədbirlər davam edəcək. Bu da növbəti tədbirlərdən biridir. Yaxın günlərdə Pəri xanımın kəndində onun adına tədris mərkəzi də açılacaq. Onu da deyim ki, bu portretin həyata keçməsində Azərbaycan şirkəti olan SOCAR-ın da rolu olmuşdu. Və eyni zamanda Azərbaycan səfirliyi Pəri xanım ilə bağlı görülən bütün işlərə yaxından dəstək vermişdir. Eyni zamanda Gürcüstan hökuməti Pəri xanımın qəbrinin üzərinin yenilənməsini də həyata keçirib. Və bu adların verilməsi, bu cür silsilə tədbirlərin davam etməsi Gürcüstan hökumətinin, yəni Azərbaycanlılara qarşı olan münasibətinin nəticəsidir. Burada demək olar ki, bütün regionlarda, təkcə Borçalı regionu deyil, Qarayazı regionu deyil, demək olar ki, Gürcüstanın gürcülər yaşayan bölgələrində də Pəri xanım ilə bağlı silsilə tədbirlər keçirilmişdir. O tədbirlər davam edir. İnşallah gələcəkdə başqa tədbirlər də keçiriləcək”, – Əli Sofiyev dedi.

“Mirabaldebi” təşkilatının həmtəsisçisi Nino Salukvadzenin sözlərinə görə, bir neçə ay öncə təşkilatının təşəbbüsü ilə Nino Bosikaşvili tərəfindən Pərixanım Sofiyevanın möhtəşəm illüstrasiyası hazırlanıb. O, ümid edir ki, bu illüstrasiya bir çox yeniliklərin başlanğıcı olacaq.

“Pərixanımın məsələsi demokratiya və rəngarəngliyə doğru atılmış böyük addımdır. Təəssüf ki, biz bunu tez unutduq. Pərixanım yalnız bizim ölkə üçün nümunəvi fəxr deyil, həm də dünyada tarixi fiqurdur. O, bizim demokratik seçki yolu ilə seçdiyimiz ilk müsəlman deputat xanım olub. “Mirabaldebi” qeyri-hökumət təşkilatı illərdir, bu istiqamətdə işləyir və ölkəmizin inkişafında öz töhfəsini vermiş qadınlar haqqında məlumat çatdırmağa çalışırıq”.

Açılış mərasimində iştirak edən mülki fəal Tozu Gülməmmədli düşünür ki, Pəri xanım təkcə Gürcüstan Azərbaycanlıları üçün deyil, Gürcüstan vətəndaşları üçün də çox önəmlidir. Onun sözlərinə görə, onlar Pəri xanım haqda çox danışmalıdılar və onun tanıdılması üçün hər şey etməlidirlər.

“Onun haqında məlumatlar hətta dərsliklərə daxil edilməlidir. Çünki bugünki vəziyyətdə dominant qrup bizə elə baxır ki, bizdə ancaq kişilər müəyyən vəzifədədir, kişilər qərarverici mövqedədir. Dominant qrup elə hesab edir ki, həmişə qadınlar tarix boyunca mətbəxdə olub. Halbuki, Pərixanımın nümunəsi onu göstərir ki, biz tarix boyunca da qərar verən mövqelərdə olmuşuq. Ona görə də düşünürəm ki, bu gün həm bizim üçün, yəni bizim qadınlardakı stereotiplərin dəyişməsi üçün cəmiyyətdəki stereotiplərin dəyişməsi üçün həm gürcü cəmiyyətində bizə qarşı olan stereotiplərin dəyişməsi üçün Pəri xanımın nümunəsi çox önəmlidir, çox dəyərlidir. Və əlimizdən gəldiyi qədər onun xatirəsini yaşatmalıyıq və bu haqda açıq danışmalıyıq”, – feminist Tozu Güllmədli dedi.

Tbilisi şəhərində Pəri xanım Sofiyevanın adına küçə də var. Həmin küçənin adın verilməsinin təşəbbüskarı hüquq müdafiəçisi Samirə Bayramovadır. Bayramovanın dediyinə görə, Pəri xanımla fəxr edir. O, deyir ki, Pəri xanımın adı fəal qadınlar içində gəlir.

“Biz Azərbaycanlılar üçün böyük bir fəxr və qürurdur ki, Pəri xanımın adı fəal qadınlar içindən gəlir. Və 100 il bundan qabaq Demokratik Gürcüstanda demokratik yolla seçilmiş ilk müsəlman xanım, Pəri xanım adı bu gün bizim kimi insanlara, qadınlara xüsusi ilə böyük bir motivasiyadır. Ümid edirəm ki, artıq rəsmi dairələrdə, rəsmi yerlərdə də qürurla adı çəkiləcək. Necə ki, tolerant ölkə kimi daima biz görürük ki, yüksək tribunalardan Pəri xanım daima xatırlanır. Təbii ki, mən də bir azərbaycanlı kimi, bir azərbaycanlı fəal qadın kimi, hüquq müdafiəçisi kimi mənim üçün də böyük bir şərəfdir ki, bu gün burda iştirak edirik. Pəri xanımın adı keçən hər bir yerdə iştirak etmək bizim üçün qürurdur”, – Samirə Bayramova dedi.

Lalə Sofiyeva Pəri xanımın nəsilinin nümayəndəsidir. Onun dediyinə görə, Pəri xanım azərbaycanlılar üçün nümunəvi bir şəxsdir.

“Pərixanım Sofiyeva yalnız mənim üçün, nəsilimin nümayəndələri üçün deyil, bütün Gürcüstan üçün, eyni zamanda bütün azərbaycanlılar üçün nümunəvi şəxsdir. Çox sevindirici bir haldır ki, bu tədbirdə həm dövlət nümayəndələri, həm də qeyri hökumət təşkilatının nümayəndələri iştirak edirlər. Həmçinin qeyd etmək istəyirəm ki, biz 2018-ci ildən başlayaraq Pəri xanımın izində bir çox işlər görürük, bir çox layihələr həyata keçiririk. Bu layihələr zaman-zaman davam etdirilir. Mən 10-cu sinifdə oxuyurdum. Pəri xanımın deputat olduğunu eşidəndə, bu mənim üçün böyük bir motivasiya oldu. Ona qədər ailəm mənə həmişə deyirdi ki, ali təhsil almalısan, oxumalısan. Lakin məhz bu məsələni eşitdikdən sonra məndə motivasiya daha da artdı. Və düşündüm ki, doğrudan da mübarizənin hər zaman nəticəsi var. Biz azərbaycanlılar hər zaman Gürcüstan dövlətində, cəmiyyətində irəlidə olmalıyıq və öz səsimizi hər zaman eşitdirməliyik”, – Lalə Sofiyeva dedi.

Qeyd edək ki, 1918-ci ildə Gürcüstan Demokratik Respublikası elan edildikdən sonra ölkənin əsas qəzalarının ərazisində, o cümlədən Tbilisi qəzasının Qarayazı dairəsində seçkilər keçirildi. Bitərəf müsəlman-qadın namizəd Pəri xanım Sofiyeva aparıcı Sosial Demokratlar və Federalistlər, “Hümmət”, Milli Demokratlar və Eserlər partiyalarının namizədlərini üstələdi və Tbilisi qəzası məclisinə Qarayazı dairəsindən 5-ci seçilən oldu. Bir çox işlər, o cümlədən, doğma kəndində dəmir yolu stansiyasının tikilməsi onun adı ilə bağlıdır.


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google