“Etalon” yarışmasında Candar məktəbinin şagirdi ikinci yeri qazanıb
Marneuli bələdiyyəsinin Candar kənd ictimai məktəbinin XI-ci sinif şagirdi Məhəmməd Zərgərov 2023-cü ilin “Etalon” yarışmasında iştirak edib. 19 dekabr tarixində keçirilən yarışmada Məhəmməd Zərgərov ikinci yeri qazanıb. O, “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, onun üçün bu uğur gözlənilməz idi və böyük stimuldur. Məhəmməd Gürcüstan etalonu olmaq üçün əlindən gələn hər şey etdiyini bildirdi.

“Layihə haqda ötən illlərdən məlumatım var idi. Keçən il və ondan qabaqkı il etalon yarışmasında iştirak etmişdim. Amma birinci turu keçib, ikinci turdan üçüncü tura keçə bilməmişdim. O vaxtdan bu layihəyə qoşumaqdayam. Bu il ötən illərə nisbətən daha çox çalışdım. Daha həvəsli idim. Birinci turda məktəb birincisi, ikinci turda rayon birinciliyi, üçüncü turda isə Gürcüstan ikincisi oldum. Ümid edirəm ki, gələcək illərdəki layihələrə də qoşularaq uğurlar qazanmağa davam edəcəyəm və zirvəyə yüksələcəyəm. Bu yarışmaya qatılmaq üçün məni məlumatlandıran və həvəsləndirən sinif müəllimim və məktəb rəhbərlərim olmuşdu. Bununla yanaşı mənə dəstək olan müəllimlərimə, valideyinlərimə, dostlarıma, bacılarım və qardaşlarım  təşəkkür edirəm”, – Məhəmməd Zərgərov dedi.

Gürcüstan Milli İntellekt-çempionatı “Etalon” 19 dekabr tarixində onlayn formatda keçirilib. Yarışmada Gürcüstan üzrə 37 bələdiyyədən seçilmiş şagirdlər iştirak edib. Müəllif və aparıcı Qoça Tkeşelaşvilinin rəhbərliyi ilə keçirilən tədbirdə iştirakçılar bələdiyyələrin tədris resurs mərkəzindən video platforma vasitəsilə müsabiqəyə qoşularaq iştirak ediblər.

Candar ictimai məktəbinin direktoru Vüsal Bayramovun sözlərinə görə, Məhəmməd Zərgərovun uğur qazanması onların məktəbi üçün gözəl bir nəticə olub.

“Bizim üçün və Candar məktəbi üçün gözəl bir gün oldu. İlk öncə etalon yarışmasını rəhbərliyinə öz minətdarlığımızı bildiririk. Belə gözəl bilik yarışma təşkil edib. İlk mərhələdə Marneuli bələdiyyəsinin 75 məktəbi iştirak edirdi. 75 məktəb içində bizim məktəbin 11-ci sinif şagirdi Məhəmməd Zərgərov hər iki turu uğurla keçdi. 100 sualın 95-nə düzgün cavab verdi. Ötən gün isə Gürcüstanın 37 bələdiyyəsinin məktəb şagirdləri arasında yarışma baş tutdu və Candar məktəbinin şagirdi Məhəmməd Zərgərov ikinci yeri qazandı. Mən məktəbə rəhbərlik etdiyim 2017-ci ildən bu günə qədər məktəbmizin şagirdləri aktiv şəkildə yarışmalara qoşulurlar. Həmişə yaxşı nəticələr uğrunda mübarizə aparırlar. Bu bizim məktəb üçün böyük uğurdur və məktəb şagirdlərimiz üçün motivasiyadır”, – Vüsal Bayramov dedi.

Bayramov onu da bildirdi ki, Məhəmməd Zərgərov məktəb tərəfindən də mükafatlandırılıb.

Onu da əlavə edək ki, birinci yerin sahibi Vaxanis ictimai məktəbinin şagirdi David Mağradze olmuşdu. Üçüncü yeri isə 219 saylı Tbilisi ictimai məktəbinin şagirdi Nikoloz Baindurişvili qazanmışdı. Yarışmada birinci yer üçün 1 000 lari, ikinci yer üçün 800 lari, üçüncü yer üçün 500 larilik hədiyyə kartı, Təhsil Nazirliyi adından isə diplom təqdim olunub.

Qeyd edək ki, intellektual çempionatın keçirilməsində əsas məqsəd istedadlı gənclərin tanıdılması və intellektual səviyyələrinin yüksəldilməsidir.

Print Email
FaceBook Twitter Google