Marneulidə müəllimləri narahat edən problemlərlə bağlı görüş keçirilib
28 dekabr tarixində Marneulidə, Mülki Məşğulluq Mərkəzində müəllimlərlə görüş keçirilib. Görüşdə azərbaycandilli məktəblərdə dərs deyən müəllimlər iştirak ediblər. İqtisadiyyat üzrə fəlsəfə doktoru, ictimai fəal Aygül İsayevanın sözlərinə görə, keçirilən görüşdə müəllimləri narahat edən məsələlər müzakirə olundu.

“Müəllimlərin istəyi ilə baş tutan tədbirdə inklüziv təhsil sistemində çalışan xüsusi müəllimlərin, pedaqoji kolleci bitirən müəllimlərin üzləşdikləri problemlər, eləcə də müəllimləri narahat edən digər məsələlər müzakirə edildi. Müəllimlərin fənn imtahanını ana dilində vermək hüquqları var, ancaq belə imkanlar inklüziv təhsil sistemində çalışan müəllimlər üçün bu günə qədər yaradılmayıb”.

Pedaqoji kolleci bitirən müəllimlərin üzləşdikləri problemə münasibət bildirən Aygül İsayevanın dediyinə görə, Gürcüstanın təhsil qanunvericiliyinə əsasən müəllim olmaq üçün bakalavr diplomunun olmasının tələb edilir.

“Bəzi müəllimlər Azərbaycanda pedaqoji kolleci bitiriblər. Onların diplomunda ibtidai sinif müəllimi kimi işləmək səlahiyyətlərinin olması qeyd edilib. Bu müəllimlərin bəziləri fənn imtahanından 1 kredit toplayıb baş müəllim statusunu alıblar. Fənn imtahanından 10 kredit toplayanlara isə status verilmir, səbəb olaraq bakalavr diplomunun olmaması qeyd edilir. Gürcüstanın Təhsil və Elm Nazirliyinin və Müəllimlər Evinin səlahiyyətlərini aşıb pedaqoji kolleci bitirən müəllimlərə hansı halda status verməsi və verməməsi bizim üçün maraqlıdır və müraciətdə bu suallar əks etdirilib”.

Görüşdə müəllimləri narahat edən digər məsələlər də dinlənilib və növbəti görüşün keçirilməsi ilə bağlı qərar qəbul edilib. Sonda dövlət qurumlarına ünvanlanan müraciət oxunaraq yekdilliklə qəbul edilib.

Print Email
FaceBook Twitter Google