Gürcüstanın Xalq Müdafiəçisi (Ombudsman) qeyri-gürcüdilli məktəblərdə diskriminasiya hallarının olmasını təsdiq edib – Aygül İsayeva
Gürcüstanın Xalq Müdafiəçisi (Ombudsman) qeyri-gürcüdilli məktəblərdə diskriminasiya hallarının olmasını təsdiq edib.

Bu barədə İqtisadiyyat üzrə fəlsəfə doktoru, ictimai fəal Aygül İsayeva “Marneuli” radiosuna məlumat verdi.

Onun sözlərinə görə, azərbaycandilli məktəblərdə yaşanan problemlərlə, ayrı-seçkiliklə bağlı Gürcüstanın Xalq Müdafiəçisinə (Ombudsman) ünvanladığı müraciətlər dərindən araşdırıldıqdan sonra məktəblərdə diskriminasiya halları aşkar edilib və bununla bağlı Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinə bildiriş göndərilib.

“Gürcüstanın Xalq Müdafiəçisi (Ombudsman) etdiyim müraciətlər əsasında azərbaycandilli məktəblərdə diskriminasiya faktının olmasını təsdiq etdi. Edilən müraciətlər əsasında araşdırma aparıldıqdan sonra Gürcüstanın Xalq Müdafiəçisi Levan İoselianı Təhsil, Elm və Gənclər naziri Qiorqi Amilaxvariyə müraciət ünvanlayıb.

Müraciətdə müəllimlərin karyera yüksəlişi imkanlarından tam faydalana bilməmələri, təcrübəçi müəllimlərin statuslarını itirmək təhlükəsi ilə üzləşdikləri, “baş müəllim”, “aparıcı müəllim” və “mentor müəllim” statuslarının əldə edilməsi ilə bağlı yaşanan çətinliklər, azərbayandilli məktəblərdə çalışan müəllimlərin maaş artımından tam faydalana bilməmələri və bunun müəllimlərin motivasiyalarına mənfi təsiri, yaşlı müəllimlərin üzləşdikləri çətinliklər, eləcə də qeyri-gürcüdilli məktəblərin müəllimlərinin gürcüdilli məktəblərin müəllimləri ilə müqayisədə bərabər imkanlardan yararlana bilməmələri qeyd edilib”,
– Aygül İsayeva bidirdi.

İsayevanın sözlərinə görə, dövlət qurumlarına ünvanladığı müraciətlərdə ibtidai sinif müəllimlərinin, eləcə də inklüziv təhsil sistemində çalışan xüsusi müəllimlərin üzləşdiyi problemlər, həmçinin gürcü və qeyri-gürcüdilli məktəblər arasındakı kəskin fərq də əks etdirilmişdi.

Qeyd edək ki, Gürcüstan dövlətinin “Diskriminasiyanın bütün formalarının ləğvi haqqında” qanununun 6-cı maddəsinə uyğun olaraq Gürcüstanın Xalq Müdafiəçisi diskiriminasiya hallaırnın aşkar edildiyi halda aidiyyəti qurum və şəxslərə ayrı-seçkiliyin qarşısının alınması və ona qarşı mübarizə məsələləri ilə bağlı ümumi təkliflər hazırlayıb göndərir.

Print Email
FaceBook Twitter Google