Məktəblərdə olduğu kimi uşaq bağçalarında da yaz tətili olacaq.
Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov “Marneuli” radiosuna
bildirdi ki, Marneuli bələdiyyəsinin uşaq bağçalarında yaz tətili 8
mart tarixindən başlayacaq. Onun sözlərinə görə, uşaqlar və bağça
əməkdaşları üçün tətil müddəti fərqli olacaq.
“Tətil 8 martdan başlayaraq 14 marta qədər davam
edəcək. 15 martdan isə bağçalarda təhsil bərpa olunacaq. Amma
işçilər sanitar günlərdə işə çıxacaqlar və işləyəcəklər. Uşaqlar
tətildən qayıdana qədər hazırlıq işləri
görməlidirlər”, – Kərəmov bildirdi.
Kərəmovun sözlərinə görə, məktəbəqədər hazırlıq mərkəzləri də
tətilə çıxacaqlar.
“Məktəblər bağlandığına görə, məktəbəqədər hazırlıq
qrupları da tədrisi dayandırır”.
Qeyd edək ki, Marneuli bələdiyyəsi miqyasında 14 uşaq bağçası var.
Onlardan yalnız 11-də tədris prosesi həyata keçirilir. Bununla
yanaşı Marneulidə 19 ərazi vahidliyində 32 məktəbəqədər hazırlıq
mərkəzi də fəaliyyət göstərir.
Onu da əlavə edək ki, Marneuli bələdiyyəsinin ictimai məktəblərində
yaz tətili 8 mart tarixindən başlayacaq. Bələdiyyə miqyasında
fəaliyyət göstərən 74 ictimai məktəbdə təhsil prosesi 15 mart
tarixində bərpa olunacaq.
Məktəblərdə dövlət istirahət günləri bunlardır:
- 14 oktyabr – Svetitsxovloba;
- 23 noyabr – Müqəddəs Qiorqinin anım günü;
- 19 yanvar – Natlisğeba;
- 3 mart – Analar günü;
- 8 mart – Beynəlxalq qadınlar günü;
- 9 aprel – Vətən uğrunda həlak olanların anım
günü;
- 9 may – Faşizm üzərində qələbə günü;
- 12 may – Müqəddəs Andrianın anım günü;
- 26 may – Gürcüstanın müstəqillik günü.