15 sentyabr tarixində Marneuli Mədəniyyət Mərkəzində “Luna və
atəşböcəklər planeti” kukla tamaşasının premyerası baş tutacaq.
Tamaşada bir ailənin hekayəsi təqdim olunub. Ailədə sehrli
sərgüzəştlər baş verir. Mədəniyyət Mərkəzinin direktoru Nato
Şavişvilinin sözlərinə görə, tamaşa 7-10 yaşa qədər uşaqlar və
onların valideynləri üçün nəzərdə tutulub.
“Sabah premyera olacaq. Qapalı nümayişdir. Bundan sonra
açıq nümayişlər başlayacaq, üç gün şəhərdə göstəriləcək və sonra
kəndlərdə nümayiş olunacaq. Tamaşa uşaqlar və valideynlər üçün
nəzərdə tutulub”, – Nato Şavişvili bildirdi.
“Luna və atəşböcəkləri planeti” tamaşası BMT-nin Əhali Fondunun
(UNFPA) Gürcüstan ofisinin, Marneuli Mədəniyyət Mərkəzinin
əməkdaşlığı və Avropa İttifaqının dəstəyi ilə keçiriləcək.
Marneuli Mədəniyyət Mərkəzində 16, 17, 19 sentyabr tarixlərində,
gündə iki dəfə, saat 12:00 və 15:00-da nümayiş olunacaq pyes uşaq
kitabı “Luna və atəşböcəkləri planeti” əsasında hazırlanıb. Kitabın
müəllifi yazıçı Davit Qorqiladzedir.