Gürcüstan “Dövlət Əmlakı
Haqqında” qanununun dövlət əmlakını pulsuz olaraq yalnız Pravoslav
kilsəsinin mülkiyətinə verilməsi imkanını nəzərdə tutan normasını
Konstitusiya Məhkəməsi Konstitusiyaya zidd hesab edib.
Müvafiq qərarı hakimlər kollegiyası ötən gün, 3 iyul tarixində
verib.
Qeyd olunan norma ilə bağlı bir
neçə dini təşkilat şikayət ərizəsi hazırlamışdı. Bu dini
təşkilatlardan biri də “Ümum Gürcüstan Müsəlmanları Ali Dini
İdarəsi” idi.
Həmin təşkilatın sədri Seyid Mirtağı Əsədovun
dediyinə görə, Konstitusiya Məhkəməsinin bu qərarı Gürcüstan üçün
çox mühüm və tarixidir.
Qeyd olunan norma ilə əlaqədar
şikayəti “Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi”ndən başqa
Gürcüstanda fəaliyyət göstərən bir neçə dini təşkilat, o cümlədən,
İHHŞ “Gürcüstan Evanqelist-Baptist Kilsəsi”, İHHŞ “Gürcüstan
Evanqelist-Lüteran Kilsəsi”, İHHŞ “Azad olunmuş Xristianların
Müqəddəs Kilsəsi” və İHHŞ “Gürcüstan İncilə İnam Kilsəsi”
hazırlamışdılar.
Konstitusiya Məhkəməsində
mübahisənin mövzusunu “Dövlət Əmlakı Haqqında “ qanunun 63-cü
maddəsinin birinci hissəsindəki “Gürcüstan Apostol Avtokefal
Pravoslav” sözlərinin Gürcüstan Konstitusiyasının 14-cü maddəsi ilə
münasibətdə qanunauyğunluğu təşkil edirdi. Məhkəmə onu da bildirib
ki, əgər Gürcüstan hakimiyyətinin müvafiq qərarı olarsa Kilsənin
mübahisəli normaya əsaslanaraq özəlləşdirilə biləcək istənilən növ
əmlakı öz mülkiyyətinə ala bilər. Belə bir tənzimləmə əmlakın
verilməsi və kilsənin xüsusi rolunun qəbul edilməsi arasında
birbaşa məqsədyönlü əlaqələrin müəyyən edilməsini qeyri-mümkün
edir. Məhkəmə qeyd edib ki, kilsənin xüsusi rolunun qəbul olunması
onun tarixi töhfələri ilə bağlıdır.
“Mübahisəli normanın dövlət
əmlakını pulsuz olaraq yalnız Pravoslav kilsəsinin mülkiyyətinə
verilməsi imkanını nəzərdə tutan normativ məzmununu Konstitusiya
Məhkəməsi Konstitusiyanın bərabərlik hüququnu nəzərdə tutan 14-cü
maddəsinə zidd hesab edib” – Konstitusiya Məhkəməsinin qərarında
yazılıb. “Marneuli” radiosu