Gürcüstan vətəndaşlarının Azərbaycan ərazisinə daxil olmaları üçün
qaydalar açıqlanıb.
Azərbaycanın Gürcüstandakı səfirliyindən APA-nın yerli bürosuna
verilən məlumata görə Azərbaycanda daimi yaşayış icazəsi olan,
həmçinin Azərbaycan vətəndaşı ilə nikahda olan Gürcüstan
vətəndaşları Azərbaycan ərazisinə daxil olmaq istədikdə əvvəlcədən
həm Azərbaycanın Gürcüstandakı səfirliyinə, həm də Gürcüstan Xarici
İşlər Nazirliyinə (XİN) ərizə ilə müraciət etməlidirlər.
Bundan sonra Gürcüstan XİN Azərbaycanın Gürcüstandakı səfirliyinə
nota təqdim edir və bu notanın əlavəsində yer alan siyahıda adı
göstərilən Gürcüstan vətəndaşlarının Azərbaycana daxil olmasına
icazə verilir.
Bildirilib ki, Azərbaycana yalnız Gürcüstan XİN-in təqdim etdiyi
siyahıda adı yer alanların daxil olmasına icazə verilir.
Qeyd olunub ki, Gürcüstan XİN hər həftə Azərbaycanın Gürcüstandakı
səfirliyinə yenilənmiş siyahı təqdim edir.
Həmçinin bildirilib ki, Gürcüstanda qalan bütün digər ölkələrin
vətəndaşlarının ölkədən çıxması üçün Gürcüstan XİN-ə müraciət
etməsinə ehtiyac yoxdur.
“Azərbaycan vətəndaşlarının təxliyə üçün Gürcüstan XİN-ə müraciət
etməsinə ehtiyac yoxdur. Bunun üçün yalnız Azərbaycanın
Gürcüstandakı səfirliyinə müraciət edilməlidir”, -
deyə məlumatda bildirilib.