“Meduza” onlayn nəşrində “Qamaley Epidemiologiya və Mikrobiologiya
Mərkəzi”nin direktor müavini Denis Loqunov ilə reportaj dərc
edilib.
Loqunov deyir ki, “Qamaley Epidemiologiya və Mikrobiologiya
Mərkəzi”nin üzərində işlədiyi peyvəndin sentyabr ayında hazır
olacağı və 2020-ci ilin sonunadək əhalinin kütləvi peyvənd edilməsi
üçün istifadəyə veriləcəyi gözlənilir.
Loqunovun sözlərinə görə, peyvənd siçanlar, meymunlar və dağ
siçanları üzərində sınaqdan keçirilir.
"Meduza" onlayn nəşrinin verdiyi məlumata görə, “Qamaley
Epidemiologiya və Mikrobiologiya Mərkəzi”nin direktor müavini
peyvəndin istifadəyə veriləcəyi tarixi söyləsə də, peyvənd üzərində
aparılan işlərin elmi nəticələrini hələ ictimaiyyətə
açıqlamayıblar.
2020-ci ilin iyul ayında Britaniyanın Kiber Təhlükəsizlik Mərkəzi
Rusiya tərəfindən dəstəklənən haker qruplarının, dünyanın hər
yerindəki institut və akademiyalardan Covid-19 peyvəndi
araşdırmaları haqqında məlumatları oğurladıqlarını açıqlamışdı.
İngiltərə, ABŞ və Kanada “APT29-S” adı ilə tanınan qrupu
kiber-hücumda ittiham edən birgə bəyanat yayıblar. Onların
sözlərinə görə, bu qrup Rusiyanın təhlükəsizlik xidmətləri
tərəfindən dəstəklənir.
"Biz koronavirus pandemiyası ilə mübarizədə həyati əmək sərf
edənlərə qarşı edilən bu dəhşətli hərəkətləri
pisləyirik", – deyə NCSC-nin direktoru Pol Çiçester
bildirib.