“Vahid Qafqaz” festivalı bu il fərqli formada keçiriləcək
16:18 / 06.08.2020
Marneuli Bələdiyyəsində “Vahid Qafqaz” festivalı bu il də
keçiriləcək. Tədbir koronavirusun yayılmasının qarşısının
alınmasına görə dəyişik formada baş tutacaq.
Festivalın Gürcüstandakı rəhbəri İrakli Mikiani bizimlə söhbəti
zamanı bildirdi ki, iştirakçıların sağlamlığının qayğısına qalmaq
üçün maksimum dərəcədə hazırdırlar. Tədbir Səhiyyə Nazirliyinin
verdiyi tövsiyələr əsasında keçiriləcək.
“Bu ilki festivalla bağlı müəyyən səbəblərə görə qərar
verdik ki, keçirək. Bunun çox səbəbi var, həmçinin, yerli sakinlər
də bizim tədbirləri gözləyirlər. Xoşbəxtlikdən, yaxud bədbəxtlikdən
bizim tədbirə və özlərinin işlə təmin olunmasına o qədər
bağlanıblar ki, biz bu il festivalın keçirilməsinə qərar verdik.
Digər tərəfdən təhlükəlidir və buna baxmayaraq, bütün lazım olan
normaları və Səhiyyə Nazirliyinin tövsiyələrinə əməl edəcəyik.
Tədbirdə 1000 nəfər olmayacaq. Bizim 200 nəfəri gətirmək hüququmuz
var. Biz heç kimin sağlamlığına zərər dəyməməsi üçün əlimizdən
gələni edəcəyik.”
İrakli Mikiani bildirdi ki, festival 27-30 avqust tarixlərində
keçiriləcək. Ancaq ənənəvi toplantı yeri yalnız Tserakvi olmayacaq.
Tədbir üç kənddə keçiriləcək.
“İndiki məlumata görə, konsertlər gürcü, erməni və
azərbaycanlıların məntəqələrində keçiriləcək. İstəyirik ki, bir gün
Sadaxlıda, bir gün Şaumyanidə və bir gün isə Tserakvidə konsert
olsun. Festivala çox adam gəlməməsi üçün festival özü əhalinin
yanına gedəcək. Məsələn, Şaumyanidən Tserakviyə gələnlər üçün indi
Şaumyanidə konsert baş tutacaq və eləcə də onlayn platformadan da
istifadə edəcəyik. Tədbirdə iştirak etməyənlər onlayn izləyə də
bilərlər.”
Bu ilki festivala ötən illərdə olduğu kimi müxtəlif ölkələrdən
könüllülər gətirə bilməyəcəklər.
“Bu il heç kimi gətirə bilmirik. Ancaq yenə də əsas
arxitektorun Azərbaycandan gəlməsini, Azərbaycanlı müğənnilərin
gətirilməsini də istəyirik. Baxaq necə mümkün olacaq. Bizim
könüllülər proqramına bu il yüz nəfər qeydiyyatdan keçib. Buradan
seçdiklərimizin əksəriyyəti Gürcüstanın sakinləridir. Əgər heç kim
sərhəddən keçə bilməsə, yenə də bizim komandada altı ölkənin
nümayəndəsi olacaq.”
“Vahid Qafqaz”-un təşkilatçıları indi festivalın planlaşdırılması
prosesindədirlər. Tədbirə yerli özünüidarə də maddi yardım
göstərəcək. Marneulidə “Vahid Qafqaz” festivalı beşinci dəfədir ki
keçirilir.