Baş nazir Qiorqi Qaxariya, hökumətin 17 və daha az yaşlı
uşaqlara 200 lari birdəfəlik müavinət vermək qərarına gəlməsinin
səbəbini izah etdi.
Qaxariyanın jurnalistlərin sualına cavabında dediyi kimi, bu yardım
xüsusilə çoxuşaqlı ailələr və sosial cəhətdən imkansız insanlar
üçün nəzərdə tutulub.
"17 yaşınadək hər bir uşağa, ailədə neçə uşağın olmasından asılı
olmayaraq, 200 lari veriləcək. Bu yardımdan imtina edə bilən varlı
ailələr, əlbəttə ki, imtina edəcəklər. Bu 200 lari hər bir uşaq
üçün nəzərdə tutulub. Bu gün Gürcüstanda, xüsusən çoxuşaqlı
ailələrdə iqtisadi böhranın təsirinə tab gətirmək və normal təhsil
prosesinə başlamaq məcburiyyətində qalan 880 min uşaq var. Bu
ölkədə bu addımın səhv bir hərəkət olduğunu söyləyəcək bir adamı
mənə göstərin. Bu insanı mənə göstərin, mən onun gözlərinin içinə
baxmaq istəyirəm. Bütün beynəlxalq tədqiqatlar göstərir ki,
Gürcüstanda uşaqlar ən çox sosial yardıma ehtiyac duyurlar. Nəticə
olaraq qərar verdik. Əlavə olaraq, əlbəttə ki, təhsil davam
etdirilməlidir”, - deyə Qaxariya bildirib.
Məlumat üçün bildirək ki, Gürcüstanın Baş naziri Qiorqi Qaxariyanın
sözlərinə görə, 17 yaşındakılar da daxil olmaqla, 17 yaşınadək
olan, Gürcüstan vətəndaşı olan hər bir uşaq 200 lari birdəfəlik
yardım alacaqlar. Qaxariyanın sözlərinə görə, bu, böhran dövründə
uşaqlara sosial yardım baxımından ən vacib hadisə olacaqdır.