"Avtomobillərlə Algeti sakinlərinə içməli su veriləcək" - Zaur Darğallı (VİDEO)
Bu gün, 25 fevral tarixində Algeti Şərab Zavodu Təsərrüfatında yaşayan sakinlər içməli suyun olmaması ilə bağlı aksiya keçirərək Tbilisi-Qırmızı körpü magistral yolunu bağlayıblar. Marneuli Bələdiyyə Məclisinin deputatı, “Avropalı Gürcüstan”-ın üzvü Əhməd İmamquliyev də aksiyaya qoşulub. Hadisə yerinə polislər səfərbər olunub.

Daha sonra Marneuli meri Zaur Darğallı, merin müavinləri Laşa Lobjanidze və Zaur Tabatadze, həmçinin “Marneuli Kənd Suları” MMC direktoru Nəbi Abdullayev də məsələni aydılaşdırmaq üçün əhali ilə görüşüblər.

Aksiya zamanı sakinlər Marneuli merinə içməli su ilə bağlı olan problemləri ilə bağlı şikayət ediblər. Onlar Darğallının içməli su probleminin həll olunması ilə bağlı söz verdiyini lakin bu gündə problemin öz həllini tapmadığını deyiblər.

Zaur Darğallı bildirib ki, məsələ tez bir zamanda öz həllini tapacaq və sakinlərin içməli su problemi aradan qalxacaq.

“Xalqın problemi bizim şəxsi problemimizdir. Biz 3 milyon 150 min larini ona görə ayırmışıq ki, hər birimizin problemi həll olunsun, içməli su gəlsin. Bu problem həll olana qədər sizə maşınla su veriləcək”, – Zaur Darğallı dedi.

Z.Darğallı onu da əlavə etdi ki, 27 fevral tarixindən etibarən əhaliyə “Marneuli Kənd Suları” MMC tərəfindən maşınlarla içməli su paylanılacaq.



Print ელ. ფოსტა
FaceBook Twitter Google