Dünən, martın 11-də Baş nazir İrakli Kobaxidze müsəlman icmasının
nümayəndələri üçün ənənəvi Ramazan iftarı təşkil edib.
Tədbirdə çıxış edən Kobaxidze Gürcüstanın fərqli İslam
cərəyanlarının (sünni və şiə) nümayəndələrinin eyni məsciddə namaz
qıldığı və sülh içində birgə yaşadığı unikal bir nümunə olduğunu
bildirib.
Baş nazirin bu bəyanatına "Ümumgürcüstan Müsəlmanları Ali Dini
İdarəsi"nin sədri Seyid Mirtağı Əsədov münasibət
bildirib.
O, yaydığı cavab bəyanatında Baş nazirin tolerantlıqla bağlı
mesajlarını müsbət qiymətləndirsə də, eyni zamanda ölkədə müsəlman
icmasına qarşı mövcud olan ikili standartlar, dini azlıqların
hüquqlarının pozulması və tarixi ədalətsizlik faktları, o cümlədən
Tbilisidə dağıdılmış Şah İsmayıl məscidinin bərpa edilməsinin
zəruriliyi barədə açıq şəkildə danışır.
"
Bəyanat
Gürcüstanın Baş naziri Irakli Kobaxidze Ramazan ayı münasibətilə
ölkədə dini həmrəylik və tolerantlıq haqqında səsləndirdiyi
fikirlərdə bildirib: “Bizim gücümüz Gürcüstanda, bu torpaqda
yaşayan xalqları birləşdirən həmrəylikdədir. Bu gün regionda çox
mürəkkəb hadisələr baş verir və bu fonda Gürcüstanda sünnilər və
şiələrin eyni məsciddə birlikdə namaz qılması xüsusi rəmzi məna
daşıyır.
Gürcü İslamı məhz bu xüsusiyyəti ilə unikaldır. Düşünürəm ki, bu,
dinc birgəyaşayış və ümumi razılıq hər kəs üçün nümunə ola biləcək
örnəkdir.”
Hörmətli Baş nazirin müsəlman icmasının birliyini və ölkədə mövcud
olan dini tolerantlığı vurğulamasını müsbət qiymətləndirir və buna
görə təşəkkürümüzü bildiririk. Doğrudan da, Gürcüstanda müsəlmanlar
uzun illərdir ki, qarşılıqlı hörmət və anlayış şəraitində yaşayır
və bu birlik ölkədə sülhün və sabitliyin qorunmasına öz töhfəsini
verir.
Eyni zamanda qeyd etmək istərdik ki, Tbilisidə sünni və şiə
müsəlmanlarının eyni məsciddə birlikdə ibadət etməsi yalnız
tolerantlığın göstəricisi deyil, müəyyən mənada mövcud şəraitdən
irəli gələn və məcburi bir zərurətin nəticəsidir. Məhz buna görə də
hesab edirik ki, ölkədə dini tolerantlığın daha aydın və real
şəkildə təzahür etməsi üçün bəzi tarixi ədalətsizliklərin aradan
qaldırılması vacibdir.
Sovet dövründə dinlərə və dini icmalara vurulan zərərin dövlət
tərəfindən qismən tanınmasını nəzərdə tutan 27 yanvar 2014-cü il
tarixli 117 nömrəli qərarın ruhuna uyğun olaraq, müsəlman icmasının
tarixi və dini irsinin bərpasına da xüsusi diqqət yetirilməlidir.
Bu baxımdan Tbilisidə yerləşən, Sovet dövründə dağıdılmış, təxminən
400 illik tarixə malik olan Şah İsmayıl (xalq arsında Şah Abbas
kimi məşhurdur) məscidinin – şiə müsəlmanlarına məxsus tarixi
ibadət məkanının – müsəlman icmasına qaytarılması və bərpa
edilməsinə imkan yaradılması həqiqi tolerantlığın mühüm nümunəsi
ola bilər.
Əgər bu məscidin bərpasına və müsəlman icmasına qaytarılmasına
şərait yaradılsa, bu addım Gürcüstanda dini azadlığın və qarşılıqlı
hörmətin daha da gücləndiyini praktik şəkildə nümayiş etdirər.
Bununla yanaşı, təəssüf hissi ilə qeyd etməliyik ki, bəzi hallarda
müsəlman icmasına münasibətdə müəyyən ayrı-seçkilik və ikili
standartların mövcudluğu hiss olunur. Ümid edirik ki, hörmətli Baş
nazirin rəhbərlik etdiyi hökumət bu məsələlərə də diqqətlə
yanaşacaq və bütün dini icmalar üçün bərabər münasibətin təmin
olunması istiqamətində mühüm addımlar atılacaq.
Biz müsəlmanlar olaraq həm ölkəmizdə, həm də dünyada sülhün,
qarşılıqlı anlaşmanın və ədalətin tərəfdarıyıq. Arzumuz budur ki,
Gürcüstanda formalaşmış dini həmrəylik yalnız sözlə deyil, əməli
addımlarla da möhkəmlənsin, bütün vətəndaşlar üçün bərabər hüquq və
imkanlar təmin edilsin.
Sonda Ramazan ayı münasibətilə bütün müsəlmanları və ölkəmizin
bütün vətəndaşlarını təbrik edir, Gürcüstanda və dünyada sülhün,
əmin-amanlığın və qarşılıqlı hörmətin daim hökm sürməsini
arzulayırıq.
Seyid Mirtağı Əsədov
Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin
sədri"