Rusiyada ictimaiyyətə qapalı, ucqar adada yerləşən elmi müəssisə
ordu üçün bioloji silahlar hazırlamaqda suçlanan institutla
əlaqəlidir.
Bunu AzadlıqRadiosunun rus xidməti və "Sistema" araşdırmalar
layihəsi üzə çıxarıb.
Vaxtilə Tver vilayətində yerləşən Vışnevolotsk su hövzəsindəki
adalara yerli sakinlər balıq tutmağa, giləmeyvə yığmağa gedərdi.
2023-cü ildən adanın şimal hissəsi "təbii qoruq" elan edilib.
Adaların çoxuna, hazırda Eksperimental Fiziologiya Mərkəzinin
yerləşdiyi Lisiy
adasına giriş məhdudlaşdırılıb.
"Sistema" və AzadlıqRadiosunun rus xidməti müəyyən edib ki,
mərkəzin rəhbəri Vladimir Maksimov Rusiya Müdafiə Nazirliyinin
48-ci Mərkəzi Elmi-Tədqiqat İnstitutunun keçmiş əməkdaşıdır. Bu
institut ölkədə bioloji silahlardan müdafiə sistemlərinin
hazırlanması üzrə aparıcı müəssisədir. ABŞ 2020-ci ildə onu və
Rusiyanın daha iki institutunu bioloji və kimyəvi silah
proqramlarını davam etdirməkdə suçlayaraq qara siyahıya salıb.
Lisiy adasındakı mərkəzin tabe olduğu federal qurumun adı bəzi
araşdırmalarda da hallanıb. Söhbət müxalifətçi Aleksey Navalnının
və Rusiya Baş Kəşfiyyat İdarəsinin – QRU-nun keçmiş zabiti Sergey
Skripalın "Noviçok" tipli sinir qazı ilə zəhərlənməsindən
gedir.
Təhlükəli viruslarla təcrübələr
Rusiya hökuməti
son onilliklər Lisiy adasından, demək olar, istifadə etmirdi. Ancaq
vaxtilə adada yoluxucu xəstəliklərin tədqiqi ilə bağlı zəngin elmi
araşdırma aparılıb.
Çar Rusiyası dövründə adada baytarlıq laboratoriyası yerləşib.
Stalin dövründə isə burada "kənd təsərrüfatı heyvanlarının yoluxucu
xəstəlikləri ilə bağlı kəskin təcrübələrin aparılması" üçün
müəssisə fəaliyyət göstərib.
2021-ci ilin yazında, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı
işğalının başlamasından təxminən bir il əvvəl adadakı yaşayış
məntəqəsi Eksperimental Fiziologiya Mərkəzinə çevrilib. Qurum
Rusiyanın Federal Tibbi-Bioloji Agentliyinin tərkibinə salınıb.
Mərkəzin tikintisi 2025-ci ilin payızında başa çatdırılıb.
Ukraynanın hərbi kəşfiyyat idarəsi avqustun 21-də iddia edib ki,
Eksperimental Fiziologiya Mərkəzində "Rusiya silahlı qüvvələrinin
maraqları naminə təhlükəli viruslar və digər patogenlərlə
təcrübələr aparılır".
"Sistema" və "Radio Svoboda" mərkəzin rəhbəri Maksimov vasitəsilə
müəssisənin Rusiya Silahlı Qüvvələri ilə əlaqəsini müəyyən
edib.
Maksimov Lisiy adasındakı mərkəzə rəhbərlik etməzdən əvvəl uzun
müddət Rusiya ordusu üçün bioloji tədqiqatların aparılmasında
iştirak edib. O, əsasən "Ebola" və "Marburq" kimi nadir və ölümcül
qızdırma virusları üzrə ixtisaslaşıb. Sovet İttifaqında hər iki
patogenə bioloji silahların hazırlanması üçün potensial əsas kimi
baxılırdı.
Maksimov 1999-2006-cı illərdə Rusiyanın 44026 saylı hərbi hissəsinə
– Müdafiə Nazirliyinin Mikrobiologiya İnstitutunun Virusologiya
Mərkəzinə rəhbərlik edib. Bu hərbi hissə Moskva yaxınlığındakı
Sergiyev Posad şəhərində yerləşir. 2008-ci ildə Rusiya Müdafiə
Nazirliyinin 48-ci Mərkəzi Elmi-Tədqiqat İnstitutu
adlandırılıb.
Qərb kəşfiyyat xidmətlərinin qənaətinə görə, Sovet İttifaqının
bioloji silahların hazırlanması proqramından qalan bəzi strukturlar
bu institutda birləşdirilib.
Maksimov 2008-ci ildə də bu institutda işə davam edib, amma, artıq
direktor vəzifəsini tutmayıb.
"Sistema" Maksimovun 2022-ci ilə aid vizit kartını aşkarlayıb. O,
AzadlıqRadiosunun telefon zənglərinə və göndərdiyi mesajlara cavab
verməyib.
"Radio Svoboda" 2024-cü ildə müəyyən etmişdi ki, Rusiya prezidenti
Vladimir Putin 2022-ci ilin fevralında Ukraynanın genişmiqyaslı
işğalına başlayandan Sergiyev Posaddakı mərkəz də xeyli
genişləndirilib.
Pandemiya hərbi planlar üçün fürsət olub? – Ekspert
şübhələri
Araşdırma üzə çıxarıb ki, Lisiy adası və Sergiyev Posaddakı
tədqiqat müəssisələri 2021-ci ilin sonlarında genişləndirilməyə
başlanıb, yəni işğaldan bir neçə ay əvvəl. O zaman qlobal COVID-19
pandemiyası da səngiməyə başlamışdı. Hər iki müəssisədə Rusiyanın
COVID-19 peyvəndləri hazırlanıb.
Sovet İttifaqının bioloji silah proqramı üzrə mütəxəssis Milton
Leytenberq tədqiqat imkanlarının genişləndirilməsinin Moskvanın
pandemiyaya cavabı olduğuna şübhə edir. O, Ukraynanın işğalı
məsələsinə diqqət çəkir: "Putinin Ukraynaya hücum etmək qərarını ən
geci 2021-ci ilin ortalarında verdiyini nəzərə alsaq, Rusiyanın
bioloji silahlar üzrə tədqiqatlarının genişləndirilməsinə və Lisiy
adasında yeni laboratoriyaların bu prosesə cəlbinə həmin kontekstdə
baxmaq lazımdır".
Onun sözlərinə görə, Rusiyanın bioloji silahlardan müharibədə necə
istifadə etmək niyyətləri sirr olaraq qalır. Bununla yanaşı, digər
hərbi sahələrlə bərabər, yaranmış fürsətdən istifadə edilərək
bioloji tədqiqat fəaliyyəti də genişləndirilə bilərdi.
Leytenberqin fikrincə, Maksimovun, 48-ci Mərkəzi Elmi-Tədqiqat
İnstitutunun digər keçmiş yüksəkvəzifəlilərinin Eksperimental
Fiziologiya Mərkəzinə rəhbər təyin edilməsi vacib dəlildir. Yəni,
Lisiy adasındakı yeni müəssisə də hərbi fəaliyyətin
genişləndirilməsinin bir hissəsi ola bilər.
"Tibbi xüsusi təyinatlılar"
Putin Federal Tibbi-Bioloji Agentliyin (FTBA) rəsmiləri ilə
mütəmadi görüşür. Sonuncu dəfə avqustda görüşüblər. Prezident
agentliyi "tibbi xüsusi təyinatlı qüvvələr" adlandırmışdı.
"Sistema" 2020-ci ildə "Noviçok" maddəsinin yenilənmiş versiyası
ilə bağlı araşdırma aparmışdı. Bəlli olmuşdu ki, FTBA-nın
nəzarətində olan, Rusiyanın Leninqrad vilayətində yerləşən bir
tədqiqat institutu "Siqnal" adlı elmi mərkəzin hazırladığı bir sıra
bioloji əlavələr istehsal edib.
"Siqnal"ın Ekvador qurbağasından əldə edilən epibatidin adlı zəhər
üzərində araşdırma apardığı müəyyən olunub. Navalnının 2024-cü ilin
fevralında qəfil öldüyü Arktika həbsxanasında məhz bu maddədən
zəhərləndiyi ehtimalı var.
Moskva isə bioloji və kimyəvi silahların hazırlanmasına yönəlik
tədqiqatlar aparmadığını deyir. Yalnız belə silahların mümkün
istifadəsinə qarşı müdafiə vasitələrinin hazırlandığı
bildirilir.
Navalnının zəhərlənməsi ilə bağlı araşdırma isə Rusiyanın
ratifikasiya etdiyi müvafiq beynəlxalq konvensiyaları pozaraq bu
cür silahların hazırlanması üzərində işlədiyini göstərib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.