Marneuli növbədənkənar mer seçkilərində bütün məntəqələrin nəticələri açıqlandı
Marneulidə növbədənkənar mer seçkilərinin ilkin məlumatları artıq bəlli olub. Mərkəzi Seçki Komissiyasının veb-səhifəsində bütün məntəqələrin nəticələri yayımlanıb.

“Gürcü Arzusu – Demokratik Gürcüstan”ın namizədi Zaur Darğallı seçicilərin 78.6%-nin etimadını qazanaraq qalib gəlib. Ona səs verən seçicilərin sayı 28 088 nəfərdir.

Səslərin sayına görə, ikinci yerdə “Vahid Milli Hərəkat – Birləşmiş müxalifət”in namizədi Aqil Mustafayevdir. Ona 4 106
nəfər seçici səs verib ki, bu da səsvermədə iştirak etmiş seçicilərin ümumi sayının 11.49%-nə bərabərdir.

Üçüncü yerdə “Avropalı Gürcüstan”ın namizədi Əhməd İmamquliyev qərarlaşıb. O, 2 696 səs toplayıb, bu isə 7.54% deməkdir.

Dördüncü yeri isə müstəqil namizəd Əli Bədirov tutub. Ona cəmi 431 nəfər səs verib ki, bu da 1.21%ə bərabərdir.

Geridə qalan 1.16% səs isə digər 11 namizədin arasında bölünüb.

Marneuli 22 saylı seçki dairəsində ümumilikdə 90 seçki məntəqəsi var idi ki, bunlardan da 15-i Marneuli şəhərində, 75-i isə bələdiyyəyə daxil olan 84 kənddə yerləşirdi.

Qeyd edək ki, Marneuli meri vəzifəsi uğrunda 15 namizəd mübarizə aparırdı, lakin onlardan cəmi dördü seçki proqramını təqdim etmişdi.


Print