“Salam” – etnik
azərbaycanlı gənclərin öz ictimaiyyətlərində olan problemlərlə
bağlı danışmaq və gürcü cəmiyyətində etnik azlıqlara qarşı
formalaşmış təsəvvürləri dəyişmək üçün yaradılıb.
“Biz istəyirik ki, etnik azərbaycanlılar haqqında olan təsəvvürləri
dəyişək, nəinki etnik azərbaycanlıların icması arasında, hətta
gürcü cəmiyyətində və etnik azlıqlarla çalışan beynəlxalq
təşkilatlarda yaranmış təsəvvürləri dəyişəcəyik. “Salam” məhz illər
ərzində gürcü cəmiyyəti tərəfindən bilərək yaxud bilmədən, etibar
ya etibarsızlıq, münasibətlərin olması və ya olmaması səbəblərindən
formalaşmış stereotipləri, portreti dəyişəcək platformadır. Biz
xalqa göstərmək istəyirik ki, bu rəngarəngdir”, –
platformanın təsisçilərindən biri olan Kamran Məmmədov deyir.
Platforma ilk bəyanatını artıq verib. “Salam, biz
gəldik!” – gənclərin müraciəti belə başlayır və onlar
öz icmalarında olan problemləri ictimailəşdirməyə, erkən evlilik və
qızların zorla qaçırılmasına etiraz etməyə çağırırlar.
“Gəlirik ki, icmamızn və cəmiyyətimizin problemlərini
səsləndirək! Gəlirik ki, ədalətsizliyə qarşı mübarizə aparaq!
Gəlirik ki, qızların zorla qaçırılmasına və erkən evliliyə etiraz
edək! Gəldik ki, müəllimlərimizə, həkimlərimizə, alimlərimizə,
mühəndislərimizə dəstək olaq! Gəldik ki, öz mədəniyyətimizi və
tariximizi qoruyaq! Həmid, sən tək deyilsən... Müəllimə toxunma,
əgər deməyə sözün varsa, mənə de. Mən Həmidəm...Biz də
Həmidik!” – platforma üzvlərinin ilk video müraciəti
belədir və gənclər bu müraciəti Azərbaycan dilində yazıblar.
Kamran Məmmədov bizimlə söhbəti zamanı qeyd etdi ki, bu video
müraciət icmada mövcud olan problemlərlə bağlı səsini ucaltmaq
istəyən, ancaq cəmiyyətin təzyiqlərinə görə səsini çıxara bilməyən
gənclər üçündür.
“Salam” artıq əhali ilə görüşlər planlaşdırır. 27
oktyabrda Qardabanidə velo-tur təşkil olunacaq və turun üç məqsədi
var.
“Qardabanidə velo-tur ona görə planlaşdırılıb ki,
Həmidə dəstək olaq, ikinci məqsədi isə sağlam həyat tərzindən
danışmaq və yaşıl fəallıqdır. İstəmirik ki, əhali etnik
azərbaycanlıların yalnız erkən evlilik və inteqrasiya üçün narahat
olduğunu hesab etsinlər. Göstərmək istəyirik ki, “yaşıllıq” bizim
içimizdədir və biz ətraf mühitin qayğısına qalırıq. Turun daha bir
məqsədi Qardabanidə yerləşən ilk azərbaycanlı deputat xanım,
Pərixanım Sofiyevanın ev-muzeyinin tanıdılmasıdır”, –
Kamran Məmmədov deyir.