Koronavirusuna görə Marneuliyə giriş-çıxışın qadağan edilməsi
Sadaxlı kənd apteklərinə də təsir edib.
Ötən günlərdə Marneuli rayonunda karantin rejimi elan olunduqdan
sonra Marneuliyə giriş-çıxış qadağan olunub. Bundan irəli gələrək
Sadaxlı apteklərində bəzi dərmanlar çox azdır, bəzilərində isə heç
tapmaq mümkün deyil. Kənd sakinlərinin sözlərinə görə, evlərində
xəstəsi olanlar nə edəcəklərini bilmirlər. Xəstə üçün lazım olan
bəzi dərmanları onlar heç yerdən əldə edə bilmirlər.
“Evdə yaşlı babam var, tez-tez təzyiqi qalxır, xəstədir
ağrıkəsicilər lazım olur. Ancaq, artıq dərmanların bir çoxunu ala
bilmirəm, apteklərdə dərman çatışmazlığı olur. Ümid edirəm bu hal
tez müddətdə düzələr”, – kənd sakini deyir.
Sakinlərin sözlərinə görə, kənd apteklərində dərmanların qiymətində
bahalaşma yoxdur.
“Mən özüm xəstəyəm, tez-tez ürək dərmanı lazım gəlir.
Ancaq qorxuram ki, apteklərdə dərman bitə, buna görə də çalışıram
gec-gec içəm bu hal məni çox narahat edir. Ancaq bunlara
baxmayaraq, hələ ki kənd apteklərində dərmanların qiymətində
bahalaşma yoxdur, əvvəl necə idisə, indi də elədir”,
– kənd sakini deyir.
Qeyd edək ki, Sadaxlı kənd apteklərindən sadəcə Sadaxlı sakinləri
yox, həm də qonşu kəndlər Xuldərə, Mollaoğlu, Tsopi, Təzəkənd
sakinləri də istifadə edir, buna görə də dərmanlar başqa kəndlərə
nisbətən burada daha tez bitir.