Marneuli miqyasında 95 000 nəfər termoskrininqdən keçib – Zaur Darğallı

Marneuli miqyasında 95 000 nəfər termoskrininqdən keçib. Bu barədə məlumatı Marneuli meri Zaur Darğallı keçirdiyi brifinqdə verib.

95 000 nəfərdən yalnız 45-də hərarət müşahidə olunub ki, onlardan da 10 nəfərdə koronovirus üçün səciyyəvi olan əlamətlər qeydə alınıb.

Marneuli merinin bildirdiyinə görə, 10 şübhəli halın hər birindən analiz götürülüb və onların heç birində koronovirus aşkarlanmayıb.

Marneuli meri 31 mart tarixində Marneulidə qeydə alınan koronavirusa yoluxma halı barədə də söhbət açıb. Onun sözlərinə görə, meriyanın nümayəndələri və Səhiyyə Nazirliyi həmin şəxsin təmasda olduğu insanları artıq müəyyənləşdiriblər və onların hamısı özünütəcriddədir.

“Bizim üçün ən mühüm istiqamətlərdən biri də ailələrə köməkdir. Bu gün səhər saatlarına olan məlumata görə artıq 1 350 nəfər yardım alıb. Bu gün təxminən 1 300 ailəyə yenə yardım veriləcək ki, bununla təxminən 2 700-dək ailə yardım almış olacaq”, – Zaur Darğallı deyib və meriyanın ilkin tələbat malları almasına və paylamasına köməklik göstərən özəl sektor nümayəndələrinə təşəkkür edib.

Marneuli meri onu da qeyd etdi ki, bələdiyyə 2 700 ailə ilə kifayətlənməyəcək və ehtiyacı olan hər bir ailəyə yardım veriləcək.

Zaur Darğallı brifinqdə Gürcüstan hökumətinin mart, aprel və may aylarında 200 kvt/saatdan az elektrik enerjisi və 200 kub metrdən az təbii qaz istifadə edən abunəçilərin borclarının ödənilməsi ilə bağlı qərarını da vurğulayıb.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google