Gürcüstanda koronavirusdan daha bir nəfər dünyasını dəyişdi
Gürcüstanda daha bir nəfər koronavirusdan dünyasını dəyişdi. Xəstə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasında müalicə alırdı. Onun 86 yaşı var idi.

"Bu gün təəssüf ki, kovid-19-dan ölkə üçün 3-cü, bizim xəstəxana üçün 1-ci ölüm hadisəsi qeydə alındı. Sizə demək istəyirəm ki, bu qaçılmaz idi. Həmin şəxs 2 həftədən çoxdur xəstəxanamızda olan 86 yaşlı bir qadın idi. Praktiki olaraq, o, epidemiyanın başlanğıcdan bəri klinikaya müraciət edən ən ağır xəstə idi. 86 yaşında olmasından əlavə, ağır nevroloji xəstəliyi, maksimal 24 bal səviyyəsində qiymətləndirilən ağır ikitərəfli sətəlcəmi var idi, yəni demək olar ki, heç bir sağlam ağciyər toxuması qalmamışdı, ağır sepsis və digər ağırlaşmaları var idi. . Bu xəstə 2 həftə reanimasiyada qaldı. Həkimlər əllərindən gələni etdilər. Amma təəssüf ki, həyatını xilas etmək mümkün olmadı”, – Yoluxucu Xəstəliklər Klinikasının rəhbəri Tenqiz Tsertsvadze mətbuata açıqlamasında bildirdi.

Məlumat üçün qeyd edək ki, bu Gürcüstanda koronavirusdan 3-cü ölüm hadisəsidir.

Mənbə: İnterPressNews
Print