Bu gün, 8 aprel tarixində Təzəkənd və Algeti sakinləri Marneuli
meriyası qarşısında toplaşmışdılar. Meriya qarşısına toplaşanlar
Tbilisidə tikintidə işləyirlər.
23 mart tarixində bələdiyyə ərazisində karantin elan olunduğuna
görə, işə gedə bilmirlər. Deyirlər ki, iş yerlərini itirirlər,
bəziləri isə hətta işlədikləri müddət üçün əməkhaqlarını belə ala
bilməyiblər.
35 nəfər fəhlə 20 günlük işlərinin əməkhaqqını ala bilməyib,
Marneuli merindən kömək istəyirlər və işlərini itirməmək üçün
Marneulinin yolunun açılmasını tələb edirlər.
Marneuli meriyası qarşısına toplaşanlarla meriyanın heç bir
əməkdaşı görüşməyib. Toplaşanlar problemlərini Üzvi Tullantıların
Emalı Müəssisəsinin direktor müavini İoseb Cikaşvili qeydə aldı və
bildirdi ki, bu məsələləri yuxarı – meriya əməkdaşlarına
çatdıracaq.
“Heç nə, bəzilərinin ehtiyacı var, bəzilərinin yeməyi
yoxdur, bəzilərinin evi yoxdur, bəziləri Tbilisidə işləyir və gedə
bilmirlər. Kimin nə problemi var, gəlir, qeydə alıram, yuxarı
bildirəm, qərar verirlər. Mütləq kömək olunur, elə bir hal yoxdur
ki, axıra qədər kömək olunmasın”, – İoseb Cikaşvili
deyir.
Marneuli merinin müavini Laşa Lobcanidzenin “Marneuli” radiosuna
bildirdiyinə görə, bələdiyyə ərazisinin bağlanmasından sonra
ərazidə qalmış bütün vətəndaşlara karantin rejimi tətbiq
olunur.
“Biz Marneulidə qalmış, lakin yaşayış yerləri kənarda –
Rustavidə, Tbilisidə və s. olan vətəndaşlara həkim nəzarəti altında
iki həftəlik karantində qalmağı və sonra ərazini tərk etməyi təklif
etdik. Marneuli sakinlərinə gəlincə isə, karantin rejimi hər kəsə
aiddir və bu müddət başa çatanadək heç kəs ərazini tərk edə
bilməyəcək”, – Laşa Lobcanidze dedi.
Qeyd edək ki, Marneuli və Bolnisi bələdiyyələrində 23 mart
tarixində ciddi rejimli karantin elan olunub. Bu barədə Gürcüstanın
baş naziri Qiorqi Qaxariya bəyanat vermişdi.
31 mart tarixindən isə bütün Gürcüstan miqyasında komendant saatı
elan olunub. Vətəndaşlara axşam saat 9-dan səhər saat 6-dək evdən
çıxmaq qadağan olunur.