"Ucuz satdıq, amma xarab olmaqdansa belə yaxşıdır" – Maradisili fermer satdığı məhsul barədə
Marneuli bələdiyyəsinin Maradisi kənd sakini Naira Paksadze 3 ton kahı yarpağını sata bilib. Ona bu prosesdə Marneuli bələdiyyəsi yardım edib. Nairanın sözlərinə görə, iki ton məhsulu qalıb və şirkət onu aparmayıb. Ancaq ona vəd veriblər ki, distribusiya maşını kəndə yenə gələcək. Paksadzelər bir kiloqram kahını 5 lariyə satırmışlar, indi isə 80 tetriyə satmalı olublar.

“Çox ucuz satdıq, amma xarab olmaqdansa, belə yaxşıdır. İndi belə əlverişlidir, nə edə bilərik, heç kimə etirazım yoxdur, əksinə minnətdaram. Qalan iki tonu aparmadılar. Dedilər ki, bir həftəyə ikinci maşın gələcək. Məhsul maksimum iki üç gün dura bilər”, – Naira Paksadze bildirir.

Marneulidə distribusiya məsələlərinə Mamuka Naveriani nəzarət edir. Onun bizimlə söhbəti zamanı bildirdiyinə görə, Maradisili ailənin məhsulu onların köməyi ilə “Aqrosentr” MMC və “TV Saperavi” MMC-yə satılıb.

Qeyd edək ki, Paksadzelər altı növ kahı yarpağını illərdir becərirlər. Ancaq sərt karantin məhdudiyyətlərinə görə indi satışda problem yaranıb. Naira Paksadzenin dörd nəfərlik ailəsi istixana təsərrüfatı üçün pulu bankdan götürüb. Kreditin aylıq ödənişi 5 min laridir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google